Saltuk Düzyol: TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 77 faizi tamamlanıb

Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi vaxtından əvvəl bitəcək.

Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O bildirib ki, 2019-cu ilin ortalarından etibarən Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq mümkün olacaq. TANAP-ın Faza-0, yəni Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan və “Botaş” şirkətinə ilk qazın verilməsini nəzərdə tutan hissədə isə işlərin 77 faizi başa çatıb: “Gələn il iyunun sonuna doğru ilk qazı verməyi planlaşdırırıq. Layihənin ümumi büdcəsi üzrə indiyədək 3,2 milyard dollara qənaət edilib”.

“Bir-birinə paralel 3 ayrı layihə - həm TANAP, həm Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi qrafikə uyğun icra edilir, “Trans-Adriatik” qaz boru kəmərində isə bir qədər gecikmə ola bilər”, - deyə S.Düzyol əlavə edib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. 

Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1600 kilometrdən çox uzunluqda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1334 kilometr uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb. Bu vaxtadək TANAP-ın 4 lotu üzrə təqribən 1450 kilometr borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1360 kilometr uzunluğunda boruların qaynağı tamamlanıb.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihənin ümumi dəyərinin isə 9,2 milyard dollar olacağı hesablanır. 

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

2017-04-03 / 11:00
Facebook