Ələtdə yaradılan Azad Ticarət Zonası Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində mühüm rol oynayacaq.
Bu fikri Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Onno Kervers deyib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı maraqlı layihədir. Bizim Şimal-Cənub adlı nəqliyyat dəhlizi layihəmiz var. Plana əsasən, bu dəhliz Sankt-Peterburqdan Mumbaya qədər uzanmalıdır. Xəritəyə baxsaq, marşrutun bu regionla da kəsişdiyini görə bilərik. Beləliklə, infrastrukturun inkişafı və yaxşılaşması, həmçinin Xəzər dənizi sahilində - Ələtdə yaradılan Azad Ticarət Zonası, sözsüz ki, bu məsələdə mühüm rol oynayacaq. Əlbəttə ki, Şimal-Cənub marşrutu ilə yanaşı, Şərq-Qərb marşrutu, Yeni İpək Yolu kimi layihələr də mövcuddur. Bütün bunlar iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır”, - deyə diplomat bildirib.
Səfir ölkəsinin Azərbaycanda həyata keçirilən layihələri böyük maraqla izlədiyini deyib. Bildirib ki, Niderland Cənub Qaz Dəhlizinin inşasına xüsusi əhəmiyyət verir. Səfir deyib: “Niderland bilavasitə onun benefisiarı olmasa da, bu layihə Avropanın öz enerji ehtiyat mənbələrini şaxələndirməsinə imkan yaratdığı üçün siyasi və strateji mənada çox vacibdir”.
Onno Kervers ötən ilin dekabrında Azərbaycanda qəbul edilmiş Strateji Yol xəritələri, həmçinin ölkəmizdə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin Niderlandın Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyi məsələlərlə üst-üstə düşdüyünü deyib. O, iki ölkə arasında dərin əməkdaşlıq əlaqələrinin prioritet məsələləri kimi kənd təsərrüfatını və ölkəsinə aid texnologiyaların Azərbaycanda tətbiqini göstərib.