Fevralın 27-də “Turizm və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin (İB) və “Turizm İnformasiya Mərkəzlərinin təkmilləşdirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə ilk olaraq Zaqatala, Qax və Qəbələdə baş tutacaq və əsas məqsədi regionlarda turizm informasiya mərkəzlərinin fəaliyyətlərinin təkmilləşdirilməsi, universal turizm marşrutlarının yaradılması, bölgələrdə turizmin inkişafı üçün vahid portalın yaradılması, xarici dillərdə sərbəst danişanların sayının artırılması, turizm sektorunda kadr hazırlığının keyfiyyət və kəmiyyət baxımından əmək bazarının tələblərinə daha yaxşı cavab verməsi olacaq.
İB-dən bildirilib ki, tədbirdə birliyin sədri Kəmalə Məmmədova, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev, Bakı şəhər icra hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərinin icraçısı Eldar Aslanov, “Həyat” təşkilatının sədri Azər Allahverənov və digər hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış ediblər.
Bildirilib ki, İctimai Birliyin əsas məqsədi Azərbaycanda turizm və milli mətbəxin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, turizm və milli mətbəxin inkişafı istiqamətinə dəstək vermək, müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək və tətbiq etmək, ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqələr qurmaq və onlarla birlikdə layihələr həyata keçirmək, dövlət siyasətinə ictimai səviyyədə dəstək verməkdir.
Ölkəmizi uğurla təmsil etməyi hədəfləyən İB-nin təsisçiləri hesab edirlər ki, onların fəaliyyəti Azərbaycanda turizm və milli mətbəxin inkişafı sahəsində yeni addım olacaq.