Nəqliyyat infrastrukturunun birləşdirilməsi Azərbaycan üçün ən vacib çağırışlardan biridir

Nəqliyyat infrastrukturunun birləşdirilməsi Azərbaycan üçün ən vacib çağırışlardan biridir.

Bu sözləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Moderatorun sualına cavabında son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatların həyata keçirildiyini, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev hazırda ölkəmizin qədim “İpək Yolu”nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. “Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Bakı gəmiqayırma zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, həm öz ehtiyaclarımızı ödəyək, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təchiz edə bilək. Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik”, - deyə Prezident bildirib.

 

2017-02-21 / 00:00
Facebook