“Aztelekom” MMC təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müxtəlif yaş qruplarına aid istifadəçilər üçün yeni, təhlükəsiz internet xidmətinin test rejimində tətbiqinə başlayıb.

MMC-dən bildirilib ki, geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini arzuolunmaz məzmunlardan, viruslu, həmçinin zorakılığı təbliğ edən zərərli kontentlərdən, bir sözlə, internet təhlükələrindən qoruyur.

“Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət istifadəçiyə arzuolunmaz saytlardan müxtəlif müdafiə mexanizmləri təklif edir.

İstifadəçi “ağ siyahı” yaradaraq arzu olunan internet resurslarının siyahısını tərtib edə, eyni zamanda, təhlükəli hesab edilən resursları “qara siyahı”ya daxil edərək, onlardan istifadəni məhdudlaşdıra bilər. Həmçinin istifadəçinin istənilən vaxt filtri deaktiv edərək, arzu etdiyi web-resurslara daxil olmaq, daha sonra isə onu aktiv etmək imkanı mövcuddur.

Hazırda 9 şəhər və rayon (Naftalan, Şirvan, Abşeron, İmişli, Göyçay, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul) ərazisində istifadəçilər xidmətdən test rejimində yararlanırlar. Yaxın zamanlarda təhlükəsiz internet xidməti Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər rayon və şəhərlərdə də tətbiq ediləcək.

Qeyd edək ki, bundan əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən “Bakinternet” istifadəçiləri üçün də təhlükəsiz internet xidməti istifadəyə verilmişdi.

2017-02-21 / 00:00
Facebook