“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflər əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyində olan qurumların strateji inkişaf planlarının hazırlanmasına başlanılıb.
Nazirlikdən bildiriblər ki, bununla bağlı nazir müavini Seyfəddin Talıbovun rəhbərliyi və nazirliyin şöbə müdirlərinin, nazirlik yanında qurumların iştirakı ilə təqdimat keçirilib.
Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılması hesabına ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub. Strateji Yol Xəritəsində Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəflərə effektiv şəkildə nail olmaq üçün icra ediləcək tədbirlərdə planlaşdırma çox vacibdir, buna görə də Nazirlikdə bütün struktur bölmələrin strateji planlaşdırma əsasında fəaliyyət göstərməsi mexanizmi tətbiq olunacaq.
Nazirliyin İcmallaşdırma və statistik təhlil şöbəsinin hazırladığı strateji planlaşdırma mexanizmi qurum rəhbərlərinə təqdim edilib. Təqdimatda təhlil qiymətləndirmələrin aparılması, yeni inkişaf hədəflərinin qoyulması, indikatorların müəyyənləşdirilməsi, monitorinq sisteminin tətbiq olunması və digər məsələlərə dair metodlar və praktik nümunələr göstərilib.
Müzakirələr zamanı kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, strateji planların həyata keçirilməsinin effektiv şəkildə monitorinqi üzrə həm qurumlarda struktur daxili, həm də nazirlik üzrə monitorinq bölməsi fəaliyyət göstərəcək, həmçinin monitorinq prosesi müasir informasiya texnologiyaları alətləri geniş tətbiq olunmaqla aparılacaq.
Sonda Seyfəddin Talıbov Strateji Yol Xəritəsində Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəflərə nail olmaq üçün müvafiq tapşırıq və tövsiyələrini verib.