Azərbaycan Respublikasında əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Fərmana əsasən, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.
Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.
Fevralın 14-də Nazirlər Kabinetində Qida Təhlükəsizliyi Komissiyasının ilk iclası keçirilib. İclasda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlər müzakirə olunub.
İclası açan Baş nazirin müavini Əli Əhmədov dövlətimizin başçısının Fərmanında komissiyanın qarşısında mühüm vəzifələr qoyulduğunu bildirib.
Qida təhlükəsizliyinin müasir dünyanın aktual problemlərindən birinə çevrildiyini deyən Əli Əhmədov qeyd edib ki, bəşəriyyətin, insanların sağlamlığı bilavasitə bu problemin uğurlu həllindən asılıdır. Buna görə də bütün dünya, beynəlxalq təşkilatlar, mötəbər beynəlxalq qurumlar, ayrı-ayrı dövlətlər qida təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar böyük proqramlar reallaşdırırlar. Azərbaycanda bu istiqamətdə Prezidentin ayrı-ayrı sərəncamları və göstərişləri əsasında bir sıra mühüm işlər həyata keçirilib. Fevralın 10-da imzalanan Fərman isə Azərbaycanda qida təhlükəsizliyi problemini müasir tələblər səviyyəsində həll etmək üçün ciddi hüquqi baza yaradır və bu əsasda bir çox vacib işlər görülməlidir.
Qida təhlükəsizliyi probleminin çoxaspektli məsələ olduğunu vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, bu, hər şeydən əvvəl sosial problemdir, insan sağlamlığı və bütövlükdə, əhalinin sağlamlığı ilə əlaqədardır. Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin təməlində məhz insan amili dayanır. Belə bir Fərmanın imzalanması bütövlükdə, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas hədəflərinə dair təsəvvürlərimizi daha da genişləndirir. Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmin səmərəli fəaliyyət göstərməsi, norma və normativlərin beynəlxalq standartlara uyğunlaşdırılması dövlətimizin başçısının rəhbərliyi ilə sürətlə inkişaf edən kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə, artırılmasına bilavasitə müsbət təsir göstərir. Bu, eyni zamanda, iqtisadi aspektli problemdir, insan hüquq və azadlıqları ilə əlaqədar məsələdir. Xüsusilə də istehlakçıların hüquqlarının qorunması ilə bağlıdır. Bütün dünyada aktuallığı getdikcə artan bu problem Azərbaycandan da yan keçmir. Respublikamızın iqtisadi və ticarət əlaqələrinin genişlənməsi, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizin istehlak bazarına ayrı-ayrı ölkələrdən çoxlu qida məhsullarının gətirilməsi ilə müşayiət olunur və belə olan halda daxili bazarın keyfiyyətli ərzaqla təmin olunması, yəni qida təhlükəsizliyi xüsusi əhəmiyyət və aktuallıq kəsb edir. “Dövlətimizin başçısının Fərmanı bu aspektlər baxımından qarşımıza çox mühüm vəzifələr qoyur və əminəm ki, biz bu günə qədər görülən işlərin bazasında həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi işlər aparacağıq”, - deyə Baş nazirin müavini vurğulayıb.
Sonra iclas işini Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərin müzakirəsi ilə davam etdirib.
İclasda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, o cümlədən Agentliyin əsasnaməsinin hazırlanması, strukturu və işçilərinin ümumi say həddinin müəyyənləşdirilməsi, maliyyə və əmlak məsələlərinin həlli ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərar qəbul olunub.