Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyətini Strateji Yol Xəritəsinə uyğun quracaq

Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyətini Strateji Yol Xəritəsinə uyğun quracaq.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclasında bildirilib.

İclasda ölkədə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlardan, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyətinin Strateji Yol Xəritəsinə uyğun qurulacağından danışılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, bu sahəyə olan dövlət qayğısı barədə ətraflı məlumat verib, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi barədə Sərəncamı özəl sektorun inkişafına yönələn addım kimi qiymətləndirib. M.Musayev bildirib ki, Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyət göstərdiyi müddətdə kiçik və orta sahibkarlığın problemlərinin öyrənilməsi, mövcud problemlərin müvafiq qurumlara çatdırılması sahəsində bütün cari fəaliyyətini Strateji Yol Xəritəsinin hədəflərinə uyğun quracaq.

İclas zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının 2016-cı ildə fəaliyyəti barədə hesabat verilib, konfederasiyanın ictimai həyatında baş verən yeniliklər barədə iclas iştirakçıları məlumatlandırılıb. Bildirilib ki, 2016-cı ildə yadda qalan əlamətdar hadisə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il aprelin 25-i “Sahibkarlar Günü”nün təsis edilməsi olub. Sözügedən Sərəncamın icrasından irəli gələrək bu il aprelin 25-də “Sahibkarlar Günü”nə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Orxan Bayramov ASK-nın fəaliyyətinin, onun daxili strukturunun və komissiyalarının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinə” uyğunlaşdırılması zəruriyyətindən danışıb.

 

 

2017-02-14 / 00:00
Facebook