Kompleks islahatların nəticəsində ölkəmizdə təkmil və dayanıqlı vergi sistemi formalaşıb

Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 17-ci ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb.

Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu durmadan artır.

Qeyd edək ki, ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar, həmçinin dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında vergilərin rolunun artması ilə bağlı olaraq, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında respublika Maliyyə Nazirliyinin tərkibində Vergi Xidməti yaradılıb.

1991-ci ilin oktyabrında Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq, müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.

2000-ci ildən bu günədək olan dövrdə mərhələlər üzrə aparılan kompleks islahatların nəticəsində ölkəmizdə təkmil və dayanıqlı vergi sistemi formalaşıb.

Ötən 17 ildə Vergi Məcəlləsinin təkmilləşdirilməsi üçün qəbul edilmiş əlavə və dəyişikliklər onun mükəmməl qanunvericilik bazasına çevrilməsinə, ölkədə sabit vergi mühitinin yaradılmasına xidmət edib, vergi yükü azaldılıb, vergi dərəcələri aşağı salınıb, vergi güzəştləri sistemi tətbiq edilib, azad sahibkarlığı stimullaşdıran, vergiödəyicilərinin hüquq və mənafelərini qoruyacaq müddəalar qanunvericilikdə öz əksini tapıb.

Statistik rəqəmlərə müraciət etsək, görərik ki, ümumilikdə 201 dəyişiklikdən 123-ü vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sahəsində uçot və qeydiyyatın asanlaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, azadolmalar və güzəştlər barədədir.

Qeyd edək ki, dəyişikliklər zərfi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi, biznesi təmsil edən təşkilatların və sahibkarların ictimai birliklərinin təkliflərinin müzakirəsi əsasında hazırlanıb.

Vergi qanunvericiliyi ilə yanaşı, vergi inzibatçılığında, o cümlədən vergi orqanlarının administrativ strukturunda da dəyişikliklər aparılıb.

Vergi orqanlarının strukturlarında yeni, vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələri və şöbələri yaradılıb. Vergiödəyicilərinə xidmətin daha səmərəli təşkili məqsədilə struktur dəyişiklikləri aparılıb ki, bunun da nəticəsində daha çevik, ədalətli və şəffaf vergi inzibatçılığını təmin edən dinamik bir struktur formalaşdırılıb.

Vergi mütəxəssislərinin fikrincə, nazirliyin tərkibində iri sahibkarlarla əlaqələri tənzimləmək üçün Milli gəlirlər departamentinin yaradılması da iri vergiödəyiciləri üzrə işlərin daha dərin iqtisadi təhlillərə əsaslanmaqla təşkil edilməsinə səbəb olacaq.

Vergilər Nazirliyinin rəsmilərinin bəyan etdikləri kimi, kiçik sahibkarların fəaliyyətinin yoxlanılmasında daha sadə və kiçik həcmli bəyannamələrin təqdim olunmasına və işlərin tərəfdaşlıq müstəvisində qurulmasına üstünlük veriləcək.

Bundan əlavə, Vergi Məcəlləsində siyahısı göstərilən bir sıra kiçik vergiödəyiciləri isə ümumiyyətlə bəyannamə təqdim etməyəcək, onlar kiçik və sabit məbləğdə vergi ödəməklə öz öhdəliklərini yerinə yetirmiş olacaqlar.

Vergi orqanlarının sahibkarlara yanaşmasında və onların problemlərinin həllində də müsbət tendensiyalar müşahidə olunur.

Vergi orqanları ilə vergiödəyiciləri arasında qarşılıqlı və operativ əlaqələr yaradan, həmçinin məlumatlandırıcı missiyanı daşıyan 195 Çağrı mərkəzinə daxil olan çoxsaylı zənglər həm də vergi orqanlarına xüsusi etimadın bariz nümunəsi kimi qiymətləndirilə bilər.

2016-cı il ərzində vergi orqanlarına 87 min 438 müraciət daxil olub ki, onun 95,7 faizi ərizə, 4,1 faizi şikayət, 0,2 faizi təklifdir. Müraciətlərin 45,3 faizi müxtəlif arayışların alınması, 23,7 faizi kameral vergi yoxlamaları, 7,2 faizi vergi borcları, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 71,9 faizi müsbət həll olunub.

Maraqlıdır ki, dünyada ən yüksək vergi tariflərinin tətbiqi sahəsində Qərbi Avropa ölkələri liderlər sırasındadır. Bu siyahıya başçılıq edən Belçikada orta gəlir üzrə son vergi həddi təqribən 54 faizdir. Bununla belə, Beynəlxalq Valyuta Fondu qeyd edir ki, Belçikada mənfi iqtisadi artım tendensiyası müşahidə olunur, işsizlik artır və bu ölkədə büdcə kəsiri 3 faizə çatır. Finlandiyada bu göstərici 46,6 faiz, Almaniyada 45 faiz, Danimarkada 44 faiz, İtaliyada 43 faiz, Fransada isə 45 faizdir.

Yeri gəlmişkən, Fransada əhalinin yüksək gəlirli təbəqəsi demək olar ki, 50 faiz vergi ödəyir. Dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik Yaponiyada orta gəlir üzərinə son vergi həddi 33 faiz təşkil edir. Ən aşağı vergiləri olan ölkələr isə İsveçrə (20 faiz), ABŞ (27 faiz), Kanada (31,2 faiz) hesab olunur.

Nüfuzlu beynəlxalq təşkilat olan “Heritage Fondu”nun məlumatına görə, Azərbaycanda vergi yükü 2015-ci il üçün 13,3 faiz təşkil edib ki, bu da inkişaf etmiş ölkələrin, həmçinin qonşu dövlətlərin vergi yükündən aşağıdır. Bu rəqəm Qazaxıstanda 14 faiz, Gürcüstanda 24,8 faiz, Belarusda 25,4 faiz, Rusiyada 34.3 faiz, Türkiyədə 29,3 faiz təşkil edir.

Son illər dünyada, eləcə də Avropada cərəyan edən iqtisadi böhranlar, qlobal siyasi və sosial kataklizmlər görünür, hətta köhnə qitənin inkişaf etmiş ölkələrində də dərin iz buraxıb. İqtisadi böhran isə dərhal sosial sahədə özünü göstərir, inflyasiya əhalinin gəlirlərini ötür, qiymətlər hədsiz yüksəlir və sadə vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşür.

Əlbəttə, dünyada baş verən qlobal siyasi-iqtisadi proseslər Azərbaycanda da təsirsiz ötüşmür. Buna baxmayaraq, ölkəmizin dövlət büdcəsində sosial layihələrə, müdafiə sahəsinə ayrılan vəsaitlərin həcmi azalmayıb, əksinə, artırılıb. Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, vətəndaşların sosial vəziyyəti daha da yaxşılaşdırılmalıdır, büdcədə sosial xərclər prioritet olmalıdır. Dövlət başçısı vergiləri artırmadan vergitutma bazasının genişləndirilməsini, sahibkarlara hərtərəfli diqqət və qayğı göstərilməsini tapşırıb. Əlverişli biznes mühitinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, büdcədə vergi və gömrük daxilolmalarının həcminin artırılması əsas hədəflər kimi müəyyən olunub.

Dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun iş adamları arasında, sözün əsl mənasında, böyük əks-səda doğurub.

Məlum olduğu kimi, yaranmış borclar üzrə hesablanmış faizlərin və bəzi maliyyə sanksiyalarının tam həcmdə qeyd-şərtsiz silinməsi, digər maliyyə sanksiyaları üzrə isə müəyyən edilmiş şərtlər daxilində silinməsi üçün sahibkarlara şərait yaradılıb. 2017-ci il yanvarın 16-na qədər 96 mindən çox vergiödəyicisinin 727 milyon manat həcmində vergi borcu silinib, daha 26 min 700 ödəyiciyə isə 357 milyon manat həcmində vergi borcunun müəyyən şərtlərlə silinməsi üçün imkan verilib.

Azərbaycanın iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilən vergi sistemində həyata keçirilən islahatlar və vergi inzibatçılığının təkmilləşdirilməsi büdcə gəlirlərində vergi daxilolmalarının xüsusi çəkisinin artımı, dövlətimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi deməkdir. Zamanın çağırışlarından irəli gələn bu dəyişikliklər həm dövlətin, həm də sahibkarların maraqlarına xidmət edir.

 

2017-02-10 / 00:00
Facebook