Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, fikir mübadiləsi İran İslam Respublikasının Biləsuvar şəhərində İran İslam Respublikası və Azərbaycan Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında görüş zamanı aparılıb.
Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.
İran Gömrük Xidmətini Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əmir Həbibvənd, Biləsuvar Gömrük İdarəsinin rəisi Əlirza Əsədzadə və digər məsul şəxslər təmsil edib.
Azərbaycan tərəfindən isə görüşdə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev, Biləsuvar Gömrük İdarəsinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslər iştirak edib.
Görüşdə Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunulub, eyni zamanda iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. İkitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığı bildirilib.
Sonra Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycan və İran gömrük-keçid məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüş başa çatdıqdan sonra isə nümayəndə heyətləri gömrük-sərhəd keçid məntəqəsində mövcud vəziyyətlə tanış olub, gömrük rejimi zonasında iş prosesini yaxından izləyiblər.
Xatırladaq ki, fevralın 7-də İran İslam Respublikasının Astara şəhərində də İran və Azərbaycan gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.