Müstəqil Azərbaycan Respublikası. Hüquqi dövlət quruculuğu və müasirlik

 

 

Bu gün öz uğurlu daxili və xarici siyasəti ilə dünya birliyinə özünə layiq yer tutan Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il ötür. İyirmi beş il əvvəl Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Beləliklə həmin gün müasir Azərbaycanın tarixinə Dövlət Müstəqilliyi Günü kimi yazıldı.

Ötən 25 il Azərbaycanın çoxəsrlik həyatında tarixi nöqteyi-nəzərdən az bir zaman kimi görünsə də, bu müddət ərzində xalqımız böyük və misilsiz inkişaf yolu keçib. Gənc ölkə olan müstəqil Azərbaycan bu müddətdə demokratik, hüquqi, dünyəvi dövlət qurmağa və onun təsisatlarını yaratmağa nail olub. Bu dövlətin yaşaması, inkişaf etməsi üçün lazım olan bütün addımlar atılıb.

Hazırda dünya birliyində özünə layiq yer tutan Azərbaycan bütün beynəlxalq təşkilatlarda təmsil olunur, xarici ölkələrlə diplomatik, siyasi və iqtisadi əlaqələr qurur. Bir sözlə, müstəqil, azad dövlət kimi yaşamaq xalqımızın çoxəsrlik həyatında ən böyük tarixi hadisə və ən qiymətli nemətdir.

Bütün bu nailiyyətlər, uğurlar heç də asanlıqla başa gəlməyib. Azərbaycan xüsusən də dövlət müstəqilliyinin ilk illərində bir çox çətin sınaqlardan keçib. 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət olunan dərin siyasi-iqtisadi böhran və hakimiyyət çəkişmələri müstəqilliyi təhlükə altına atmışdı. Ölkə daxilindəki və xaricdəki bəzi qüvvələr Azərbaycanın müstəqil yaşamaq imkanına şübhə edir, bunu istəmir, milli dövlət quruculuğuna hər vasitə ilə mane olmağa çalışırdı. Azərbaycan xalqının qəlbində yaşatdığı müstəqillik arzusu bütün bu maneələri aradan qaldırdı. Belə bir çətin dövrdə öz iradəsini ortaya qoyan xalqımız bu taleyüklü məqamda dünya şöhrətli, müdrik siyasətçi Heydər Əliyevə üz tutdu və onu yenidən özünə rəhbər seçdi.

Son dərəcə ağır bir vaxtda xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, separatçılıq meyillərinə və başlamaqda olan vətəndaş müharibəsinə son qoydu. Bununla da ölkənin gələcək inkişafı üçün əsaslı zəmin yaradıldı. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizdə bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, xarici siyasətin prioritetləri müəyyən edildi. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesləri başladı.

Ulu Öndərin hakimiyyətinin ilk illərində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı, müstəqilliyin möhkəmləndirilməsi üçün vacib şərt olan sabitlik təmin edildi. Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Azərbaycan Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsinə çıxarılaraq qəbul olundu. Bununla da milli dövlət quruculuğunun əsasları müəyyənləşdirildi.

Heydər Əliyevə keçmişdən çox ağır miras qalmışdı. Azərbaycan iqtisadiyyatı olduqca bərbad vəziyyətə düşmüşdü. Ümid xarici sərmayələrə qalırdı. Lakin belə bir vəziyyətdə sərmayədarları ölkəyə vəsait yatırmağın hədər getməyəcəyinə inandırmaq lazım gəlirdi. Bu məsələdə Ulu Öndərin şəxsi nüfuzu, ona olan inam həlledici rol oynadı. 1994-cü il sentyabrın 20-də Azərbaycanın gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaradan "Əsrin müqaviləsi" imzalandı. Bu neft sazişi ölkəmizin tarixində ilk dəfə olaraq Xəzər dənizinin enerji ehtiyatlarını xarici investorlara təqdim etdi. Çox keçmədən Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və ölkəmizin inkişafı başladı. Daha sonralar “Şahdəniz” qaz yatağının işlənməsi üzrə kontrakt imzalandı, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri çəkilərək istifadəyə verildi. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın əsas neft istehsalı mərkəzlərindən birinə çevrildi.

Bir sözlə, müstəqilliyimizin ikinci dövrü adlandırılan 1993-2003-cü illərdə Azərbaycanın inkişafının möhkəm əsasları qoyuldu. Ümummilli lider Heydər Əliyev müstəqilliyin on ilində keçilən yolu şərh edərək deyirdi: “Azərbaycan bu on il müddətində çox ağır, çətin, keşməkeşli yol keçibdir. Azərbaycan xalqı bütün sınaqlardan keçərək, bütün təhlükələrin qarşısını alaraq müstəqilliyini qoruyub, saxlayıb və daim inkişaf etdiribdir. İndi bu on ili başa vurarkən qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı bu nailiyyətlərlə fəxr edə bilər. Azərbaycanın dövlətçiliyi bütün dünyaya nümayiş etdirilibdir. Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir, milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır. Biz bu günlər böyük qürur hissi keçiririk. Ona görə ki, biz müstəqilliyimizi bəyan edəndən sonra bu on il içərisində bütün dünyaya nümayiş etdirmişik və sübut etmişik ki, Azərbaycan xalqının müstəqil yaşamaq arzusu həmişə olmuşdur. Ancaq on il müddətində Azərbaycan bu istək və arzularını tam yerinə yetirib və sübut edibdir ki, müstəqil dövlət kimi yaşaya bilər və daim yaşayacaqdır”.

Müdrik xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinə, onun strategiyasına sadiqliyini bir daha təsdiqləyərək Ulu Öndərin siyasi varisi İlham Əliyevi Prezident seçdi. Ölkəmizin bugünkü reallıqları Azərbaycan xalqının düzgün seçim etdiyini göstərir. 2003-cü ildən başlayaraq Azərbaycan sürətli və dinamik inkişafı ilə səciyyələnən bu illər müstəqilliyimizin üçüncü dövrü adlandırılır.

Bu dövrdə bütün istiqamətlərdə çox böyük uğurlara imza atılıb. Beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan dünya miqyasında mövqeyini daha da möhkəmləndirib və söz sahibinə çevrilib. Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2011-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycana olan hörmət və etimadın əyani təsdiqidir.

2003-2016-cı illərdə iqtisadi və sosial sahələrdə də böyük uğurlar əldə olunub, ölkə iqtisadiyyatı üç dəfədən çox artıb, yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 5 faizə enib. Azərbaycanda, eyni zamanda, regionların inkişafına dair Dövlət proqramları icra edilir. Bu müddətdə bölgələrdə 1 milyon 300 mindən çox iş yeri açılıb, müasir infrastruktur layihələri həyata keçirilib. Son illərdə maaşlar, pensiyalar dəfələrlə artırılıb. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox idman Olimpiya mərkəzi inşa olunub və ya əsaslı şəkildə təmir edilib.

Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verməkdədir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri icra edilir. “Cənub” qaz dəhlizi çərçivəsində həyata keçirilən “Şahdəniz-2”, TANAP və TAP layihələri bu qəbildəndir və uzun illər bundan sonra da ölkəmizin milli maraqlarını, iqtisadi və siyasi maraqlarını təmin edəcək.

Bu gün Azərbaycan kosmik klubun məhdud sayda olan üzvlərindən biridir. Orbitdə artıq iki peykimiz var, üçüncüsü də bu yaxınlarda istifadəyə veriləcək. Eyni zamanda, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən davamlı diqqətdən xəbər verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb.

Bugün Azərbaycan sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını alıb. Bununla yanaşı, ölkəmiz digər mötəbər tədbirlərin keçirildiyi məkan kimi tanınır.

Son on il ərzində Azərbaycanda 300-dən artıq beynəlxalq idman tədbiri yüksək səviyyədə keçirilib. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin mütəmadi hal alması, ilk Avropa Oyunlarının, “Formula-1” Avropa Qran-prisinin, Dünya Şahmat Olimpiadasının paytaxtımızda keçirilməsi Azərbaycanı idman ölkəsi kimi tanıtmaqla yanaşı, onun dünyada artan nüfuzundan xəbər verir.

Təsadüfi deyil ki, Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətləri ölkəmizin hər bir vətəndaşı tərəfindən minnətdarlıq hissi ilə xatırlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər qətiyyətlə deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməzdir.

Facebook