1905-1911-ci illərdə Səttar xanın başçılığı ilə Təbrizdə milli-azadlıq hərəkatı (Məşrutə hərəkatı) başladı. Tezliklə bu hərəkat Cənubi Azərbaycanın hər tərəfinə yayıldı.
Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdir.
1908-ci ildə şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılmışdır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilmişlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların qələbəsi bütün İrana təsir göstərir. Bir çox şəhərlərdə, o cümlədən Tehranda "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə onların adlarının metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və imperialist İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı iləTehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış daşnak Yefrem Davidyansın başçılıq etdiyi Tehranın polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Nəhayət, 1914-cü ilin noyabr ayının 9-da aldığı güllə yarasından Səttar xan 48 yaşında vəfat edir və Tehrannın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.
Rusiyada mütləqiyyətin devrilməsi İranda və Cənubi Azərbaycanda xalq hərəkatının yenidən başlanmasına təkan verdi. Cənub Azərbaycanda hərəkata Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi Əyalət Komitəsi istiqamət verirdi
1917-ci il avqust ayında İDP-nin Azərbaycan Əyalət Komitəsinin konfransı keçirildi. Konfransda Ş.M.Xiyabaninin rəhbərliyi ilə ADF yaradıldı. ADF-nin Mərkəzi Komitəsi xariciləri ölkədən qovmaq və demokratik İran hüdudlarında Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı.
1917-ci ildə xalq hərəkatının genişlənməsi nəticəsində baş nazir Vüsuqüddövlə istefa verdi. Lakin o, ingilislərin köməyi ilə yenidən hakimiyyətə gəldi. 1919-cu il 9 avqustda İran və İngiltərə arasında müqavilə bağlandı. Bu müqavilə İranı siyasi və iqtisadi cəhətdən İngiltərədən asılı hala salmaqla yanaşı, Cənubi Azərbaycanda demokratik hərəkata yeni təkan verdi. 1920-ci il 7 apreldə Təbrizdə üsyan başladı. Üsyana Xiyabani başda olmaqla İctimai İdarə Heyəti rəhbərlik edirdi. 1920-ci il iyunun 24-də Təbrizdə Milli hökumət yaradıldı.
İranda və Cənubi Azərbaycanda baş verən hadisələrdən narahat olan ingilislər irticaçılar və daxildəki xəyanətkar qüvvələrlə birləşdi. İngilislərin köməyi ilə hərəkat sentyabrın 14-də yatırıldı. M.Xiyabanı öldürüldü. Yüzlərlə üsyançı həbs, edam və sürgün edildi.
milli azadlıq hərəkatıİkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə, eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi.
Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.
Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir.
Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat artıq bir irəliləyiş əldə etmişdi.
Azərbaycan Milli Höküməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edirdi. Qısa müddət ərzində xalqın sevimlisinə çevrilən fədailər Milli Hökümətin möhkəmlənməsində, onun hərbi qüdrətinin güclənməsində, xalqda öz dövlətinə olan inamın, etibarın formalaşmasında əhəmiyyətli rol oynamışlar. Fədai dəstələrinin özlərindən qat-qat güclü olan İran Pəhləvi rejimi qarşısında dayanması, Milli Azərbaycan dövlətini müdafiə etməsi yüksək vətənpərvərlik və qəhrəmanlığın təkrarsız örnəyidir.
Seyid Cəfər Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular.
Azərbaycan Milli Hökümətinin apardığı islahatların ikinci qismi ölkədə həqiqi mənada inqilabın həyata keçirilməsini təmin etmiş oldu.
Bu inqilab İran pəhləvi rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan Milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən, Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin güclü şəkildə nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu. Həmçinin bir neçə ictimai – Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin (19 yanvar 1946 ), Dövlət Teatrının (23 mart 1946), Azərbaycan Radioverilişləri Agentliyinin (4 iyul 1946) və Təbriz Dövlət Universitetinin (6 iyun 1946) açılması bu prosesin ən önəmli hadisələri oldu. 1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dili olan Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tutmaqdadır.
Azərbaycan Milli Höküməti dövründə aparılan mədənin islahatların mühüm bir qanadını ana dili mətbuatın formalaşması səciyyələndirməkdədir. 1945-1946-cı illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümü tapmışdır.
Azərbaycan Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.
Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı.
Qeyd edək ki, bir qədər öncə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində Pəhləvi fars dövləti ordusu Azərbaycana hücum etmiş və Milli Hökümətin mövcudluğuna son qoymuşdur. Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü ya qətl edilmiş, ya da sürgünə göndərilmişdir.
Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalmışlar. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır.
Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.