XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi.
Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.
Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi.
Şah sarayında Ali məşvərət məclisi və ya Ali səltənət şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı.
Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı.
Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan ağqoyunlular dövründə olduğu kimi, səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.