“Müharibə və insan” adlı silsilə film nümayişləri yekunlaşıb

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Vətən müharibəsinin ildönümü və Zəfər Günü münasibətilə təşkil etdiyi “Müharibə və insan” adlı silsilə film nümayişləri Pərviz Həsənovun “Uşaqlıq fotosu” qısametrajlı sənədli filmi və Şirin Əhmədovun “Qütb ulduzu” qısametrajlı bədii filminin təqdimatı ilə yekunlaşıb.

AKİ-dən bildirilib ki, nümayişdə “Qütb ulduzu” filminin baş rol ifaçısı, Əməkdar artist Hüsniyyə Mürvətova, “Uşaqlıq fotosu” filminin rejissoru Pərviz Həsənov, operatoru Pərvanə Həsənova, filmin qəhrəmanı Rəşad və onun ailə üzvləri iştirak ediblər.

Filmlərin nümayişindən sonra tamaşaçılarla yaradıcı heyət arasında müzakirə keçirilib. Görüş zamanı ekran əsərlərinin yaranma tarixçəsi, çəkiliş prosesi, yaradıcı axtarışlar, filmlərin bədii-estetik xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirə zamanı 30 ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqlarında yaşayış evlərinin, meşələrin və təbii mühitin dağıdılması, bütövlükdə həyatın izlərinin silinməsi nəticəsində yaranmış mənzərə haqqında da fikirlər səsləndirilib. Tamaşaçılar filmdə əks olunan görüntülərdən çıxış edərək işğalın doğurduğu maddi və mənəvi itkilərə, tarixi faktlara və insanların doğma torpaqlarına qayıdış zamanı yaşadıqları hisslərə toxunublar.

Görüş boyunca tamaşaçılar yaradıcı heyətə suallar ünvanlayıb, filmlərin mövzusu və bədii həlli ilə bağlı düşüncələrini bölüşüblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi “Müharibə və insan” silsiləsi çərçivəsində həm dünya kinosunun klassik nümunələri, həm də yerli kinematoqrafçıların müharibə mövzusuna həsr olunmuş ekran əsərləri tamaşaçılara təqdim edilib.

2026-11-11 / 15:33
Facebook