
Hörmüz boğazı ətrafında yaranmış böhran ölkələrin diqqətini daxili enerji mənbələrinə yönəldib. İlk dəfə olaraq, Çin istisna olmaqla, inkişaf etməkdə olan və formalaşmaqda olan iqtisadiyyatlarda bərpaolunan enerji güclərinin artımının inkişaf etmiş ölkələrdəki artımla eyni səviyyəyə çatacağı gözlənilir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni proqnozunda deyilir.
Bildirilir ki, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar dünyada bərpaolunan enerji mənbələrinin inkişafını sürətləndirir. Dünya ölkələrinin hökumətləri enerji təhlükəsizliyini gücləndirmək, idxal olunan yanacaqdan və qiymət dəyişkənliyindən asılılığı azaltmaq məqsədilə tədbirləri genişləndirdikcə, yaxın illərdə bərpaolunan enerji mənbələrinin inkişafının daha çox ölkəni əhatə edəcəyi gözlənilir.
Hesabata əsasən, 2026-2031-ci illərdə dünyada bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı güclərinin ümumilikdə təxminən 4800 giqavat artacağı proqnozlaşdırılır. Bu göstərici əvvəlki altıillik dövrlə müqayisədə təxminən 60 faiz çoxdur. 2031-ci ilədək bərpaolunan enerji güclərinin qlobal artımının dörddə üçündən çoxunun Günəş fotovoltaik sistemlərinin, sonrakı hissəsinin isə quruda yerləşən külək elektrik stansiyalarının payına düşəcəyi gözlənilir.
Fevralın sonunda ABŞ-İran müharibəsinin başlanmasından sonra qlobal enerji bazarlarında görünməmiş fasilələrin yaranması, dövlət dəstəyinin gücləndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artması Hindistan, Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərqdə bərpaolunan enerji güclərinin daha sürətlə genişləndirilməsinə təkan verir. Proqnoz dövründə ilk dəfə olaraq, Çin istisna olmaqla, inkişaf etməkdə olan və formalaşmaqda olan iqtisadiyyatlarda istifadəyə veriləcək bərpaolunan enerji güclərinin həcminin inkişaf etmiş ölkələrdəki göstəriciyə bərabər olacağı gözlənilir. Çin bərpaolunan enerji güclərinin qlobal artımına ən böyük töhfə verən ölkə olaraq qalacaq. Bununla belə, ölkənin bu sahədəki payının bərpaolunan enerji siyasətindəki dəyişikliklər fonunda 2025-ci ildəki 60 faizdən çox göstəricidən proqnoz dövründə orta hesabla 53 faizə enəcəyi bildirilir. Hindistan dünyanın ikinci ən böyük artım bazarı kimi önə çıxır. Ölkənin ümumi bərpaolunan enerji güclərinin 2031-ci ilədək iki dəfədən çox artacağı proqnozlaşdırılır. Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şimali Afrika və Saxaradan cənubda yerləşən Afrika ölkələrində də artım sürətlənir. Bu regionlarda 2026-2031-ci illərdə istifadəyə veriləcək bərpaolunan enerji güclərinin həcminin əvvəlki altıillik dövrlə müqayisədə təxminən üç dəfə artacağı gözlənilir.
IEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, əvvəllər bərpaolunan enerji mənbələrinin inkişafını əsasən ekoloji narahatlıqlar şərtləndirirdisə, onların maya dəyərinin azalması bir çox bazarda rəqabətqabiliyyətli olmasını təmin edib. Hazırda isə getdikcə daha çox ölkənin idxal olunan yanacaqdan asılılığını azaltmağa çalışması nəticəsində əsas hərəkətverici qüvvə enerji təhlükəsizliyidir.
“Bərpaolunan enerji mənbələrinin inkişafının yeni mərhələsi həqiqətən qlobal xarakter daşıyır. Onların tətbiqi əsas bazarlardan kənara çıxaraq dünyanın bütün regionlarını əhatə edir. Bu, həmin mənbələri qlobal elektrik enerjisi sektorunun əsas dayaqlarından birinə çevirir. Hazırda onlar dünya üzrə elektrik enerjisi istehsalının üçdəbirini təşkil edir. Növbəti beş ildə bu göstəricinin yarıya yaxınlaşacağı gözlənilir”, – deyə Fatih Birol vurğulayıb.
Hesabatda qeyd olunur ki, bərpaolunan enerji güclərinin artımı təkcə iri enerji şirkətlərinin və layihə hazırlayan qurumların investisiyaları hesabına baş vermir. Bir çox ölkədə bu prosesdə istehlakçılar da birbaşa iştirak edirlər. Yanacağın bahalaşması və bəzi bazarlarda elektrik enerjisi təchizatının etibarsızlığı fonunda ev təsərrüfatları və kiçik müəssisələr qısa müddətdə quraşdırılması mümkün olan, daha sərfəli damüstü günəş fotovoltaik sistemlərinə üstünlük verirlər. Kiçikmiqyaslı belə qurğular artıq dünyada təxminən 70 milyon ev təsərrüfatının elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına kömək edib.
Həmçinin 2031-ci ilədək nəqliyyat sektorunda bərpaolunan enerjidən istifadənin 60 faizdən çox artacağı proqnozlaşdırılır. Həmin vaxta qədər bu mənbələrin dünya nəqliyyat sektorunun enerji tələbatının 6 faizini təmin edəcəyi gözlənilir.
Artımın təxminən 45 faizi elektrik avtomobillərində istifadə olunan bərpaolunan elektrik enerjisinin, ikinci ən böyük hissəsi isə bioyanacaqların payına düşəcək. Yanacağın bahalaşmasına və onun əlçatanlığı ilə bağlı çətinliklərə operativ reaksiya olaraq, xüsusilə Cənub-Şərqi Asiya və Latın Amerikasının bir sıra ölkələri qarışdırma tələblərini artırıblar. Bu tələblər yanacaqdoldurma məntəqələrində satılan benzin və dizel yanacağına əlavə edilməli olan bioyanacağın minimum payını müəyyənləşdirir. Nəticədə, bioyanacaqla bağlı proqnoz ötənilki hesabatla müqayisədə 40 faiz artırılıb.
Bərpaolunan enerji mənbələrinin dünya enerji sistemlərində rolunun genişlənməsi fonunda təchizat zəncirlərinin təhlükəsizliyinin və şaxələndirilməsinin əhəmiyyəti də vurğulanır. Bu baxımdan, Hindistan mühüm alternativ təchizat mənbəyi kimi önə çıxır. Proqnoza görə, ölkənin qlobal günəş fotovoltaik modullarının istehsalındakı payı növbəti beş ildə təxminən iki dəfə artaraq 17 faizə çatacaq. Bu, hazırda yüksək dərəcədə təmərküzləşmiş bazarın şaxələndirilməsinə töhfə verəcək.
Dünyada Günəş və külək enerjisinin sürətlə genişlənməsi elektrik enerjisi sistemlərinin çevikliyinin artırılmasını enerji təhlükəsizliyi baxımından son dərəcə vacib edir. Bu proses yeni imkanlar da yaradır. Əsas prioritet bərpaolunan enerji güclərinin artımına uyğun olaraq elektrik şəbəkələrinə investisiyaların təmin edilməsidir. Eyni zamanda, yeni bərpaolunan enerji obyektlərinin elektrik şəbəkələrinə qoşulması prosesini sürətləndirmək üçün müvafiq islahatların aparılması zəruridir.
Hesabata görə, dünya üzrə elektrik şəbəkələrinə qoşulmağı gözləyən, inkişafının son mərhələsində olan bərpaolunan enerji və enerji saxlama layihələrinin ümumi gücü ötən il 60 faiz artaraq 3000 giqavata çatıb. Bu, ötən il şəbəkəyə qoşulmuş külək və günəş fotovoltaik enerji güclərinin ümumi həcmindən 4 dəfə çoxdur. Bununla yanaşı, bir çox ölkədə batareya əsaslı enerji saxlama sistemlərinin tətbiqi sürətlənir. Bu texnologiyalar elektrik enerjisi sistemlərinin çevikliyini qısa müddətdə artırmaq üçün mühüm vasitə hesab olunur.
Elektrik enerjisinə tələbatın daha çevik idarə olunmasını təmin edən tədbirlər də eyni dərəcədə əhəmiyyətlidir və onların qısa müddətdə tətbiqi mümkündür. Süni intellekt də daxil olmaqla, rəqəmsal texnologiyalar elektrik enerjisinə tələbatın bərpaolunan enerji istehsalının yüksək olduğu dövrlərə yönəldilməsinə kömək edə bilər. Bu isə dəyişkən xarakterli bərpaolunan enerji mənbələrindən daha səmərəli istifadə etməyə imkan yaradır.
Hesabatda vurğulanır ki, bütün bu tədbirlər bərpaolunan enerji mənbələrinin sürətli inkişafının dünya üzrə daha təhlükəsiz, əlçatan və etibarlı enerji təchizatına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.