Türkiyə ilə Azərbaycanı quru yolla bir-birinə bağlayacaq Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativlərin yolunu açacaq.
Bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun sədri Nail Olpak Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanla Türkiyənin 2,5 milyard dollarlıq qarşılıqlı ticarət dövriyyəsi var. Kənd təsərrüfatında da yaxşı nailiyyətlər əldə etmək olar.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumu 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.