Qəbələ rayonunda əhalinin qida məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi üçün ənənəvi sahələrdən fərqli olaraq bu il ilk dəfə olaraq qarabaşaq, çəltik və şəkər çuğunduru istehsalına başlanılıb.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, cari ildə sınaq məqsədilə Qəbələnin Tüntül kəndində 16 hektar sahəyə qarabaşaq toxumu səpilib. Fermer tərəfindən əkin sahəsinə lazımi aqrotexniki qulluq göstərildiyi üçün bol məhsul əldə edilib. Qarabaşaq yığımı bu günlərdə kambaynla həyata keçirilib və ümumilikdə 27,2 ton məhsul tədarük olunub.
Bundan əlavə rayonda beş fermer tərəfindən ümumilikdə 26 hektar sahədə şəkər çuğunduru əkilib. Qəbələdə bu bitkinin ilk dəfə əkilməsinə baxmayaraq sahələrdə bol məhsul var. Oktyabrın 5-dən sonra rayonda məhsul yığımına başlanılacaq. Bundan əlavə cari ildə rayonda sınaq məqsədilə bir hektar sahədə çəltik əkini aparılıb.
Dövlət qayğısını hiss edən Qəbələli fermerlər gələn il qarabaşaq, çəltik və şəkər çuğundurunun əkin sahəsini və məhsul istehsalını xeyli artırmağı qarşıya məqsəd qoyublar.