Şimal rayonlarının təhsil müəssisələrində sentyabrın 10-dan oktyabrın 10-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi ilə əlaqədar məktəblilərlə maarifləndirici görüşlər təşkil olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının II tağımının əməkdaşları Xaçmazın Qusarçay, Palçıqoba, Mehrəliqışlaq, Şabranın Ağalıq və Qubanın Vəlvələ kənd tam orta məktəblərində şagirdlərlə görüşüblər. Şagirdlərə hərəkətin təhlükəsizliyi aylığının mahiyyəti, yol nişanları barədə məlumat verilib, praktik məşğələlər təşkil edilib.
Görüşdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri, yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər söyləyiblər. Dövlət yol polisinin əməkdaşları uşaqları maraqlandıran suallara cavab verib, onları yollarda diqqətli olmağa səsləyiblər.
Məktəblilərlə maarifləndirici görüşlər oktyabrın 10-dək mütəmadi təşkil olunacaq.