Səyyar “ASAN xidmət” Goranboy şəhərində

15058086991849852997_1000x669

Səyyar “ASAN xidmət” sentyabrın 19-dan oktyabrın 5-dək Goranboy şəhərində vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bundan başqa Səyyar “ASAN qatar” sentyabrın 19-dək Horadiz şəhərində, səyyar avtobuslar isə oktyabrın 5-dək Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, sentyabrın 20-dək Hacıqabul şəhəri və Abşeron rayonunun Güzdək qəsəbəsində, sentyabrın 25-dək Göyçay şəhərində, sentyabrın 26-dək Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

2017-09-19 / 12:13
Facebook