Sentyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) “Təhsildə alman dili xarici dil kimi (DaF-Unterricht im Stadium)” mövzusunda beynəlxalq elmi-metodiki seminar təşkil olunub. Bu barədə ADU-dan məlumat verilib.
Almaniya, Qazaxıstan və digər ölkələrdən olan professorların iştirak etdikləri tədbirin məqsədi ali məktəblərdə alman dilinin tədrisində yeni metodların inkişafı və müəllim hazırlığının keyfiyyətini artırmaq olub.
Seminarda ADU-nun alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, eyni zamanda, “Təhsildə alman dili xarici dil kimi” layihəsinin Azərbaycan üzrə rəhbəri Ulduz Aslanova tədbirdə dəyərli fikir mübadiləsi aparılacağına əminliyini bildirib.
ADU-da olmaqdan məmnunluğunu ifadə edən Almaniyanın Haydelberq Universitetinin rektoru, professor Hans-Werner Huneke deyib: “ADU və Haydelberq Universiteti arasında olan əməkdaşlıq bir neçə ildir ki, uğurla davam etdirilir. Bu illər ərzində universitetlərarası müəllim mübadiləsinin aparılması nəticəsində alman dilinin tədrisində müxtəlif metodların tətbiqi nəzərdən keçirilib. Seminarda müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri məruzələr ilə çıxış edəcək və alman dilinin tədrisinə dair fikir mübadiləsi aparılacaq”.
Tədbirdə “Azərbaycanda xarici dil təhsili” mövzusunda məruzə ilə çıxış edən Ulduz Aslanova ali təhsil müəssisələrində alman dilinin tədrisinin aktual problemləri, dil biliklərinə yiyələnmək üçün ümumi dil səviyyəsinin təkmilləşdirilməsi haqqında ətraflı məlumat verib.
Sentyabrın 22-dək davam edəcək seminarda “Çoxdillilik qlobal cəmiyyətdə multikultural şəxsiyyətin formalaşma amili kimi”, “Azərbaycanda xarici dil təhsili”, “Xarici dil dərslərində ixtisas və dil öyrənmə”, “İxtisas mətnlərinin təhlili: alman dili dərslərində oxu strategiyalarının nəzəriyyəsi”, “Alman dili dərslərində interaktiv pedaqoji resurslar kimi regional mədəni elmlər”, “Çalışmalar və sosial formalar barəsində seminar” və digər mövzularda mühazirələr dinləniləcək.