Sentyabrın 11-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri” mövzusunda seminar keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini İlyas Əliyev tədbirdə çıxış edərək bildirib ki, Dayanıqlı İnkişaf Proqramı dünyanın 193 ölkəsini əhatə edir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə fəaliyyətə onların və əlaqədar hədəflərin milliləşdirilməsindən və ölkənin inkişaf gündəliyinə daxil edilməsindən başlanılıb. Azərbaycanda DİM-lərin və onlara uyğun olaraq müəyyənləşdirilmiş hədəf və göstəricilərin milliləşdirilməsi və ölkənin inkişaf gündəliyinə daxil edilməsi məqsədilə işçi qrupları və tərəfdaşlarla birgə hazırda ölkəmizdə qüvvədə olan strategiyalar, proqramlar və digər siyasət sənədləri nəzərdən keçirilir və boşluqların aradan qaldırılması üçün planlar hazırlanır.
“2030 Gündəliyi”nin milli və yerli səviyyələrdə yer alması və inkişafı üçün milli, regional və yerli planlara, müvafiq olaraq büdcə ayrımlarına inteqrə edilməsi nəzərdə tutulur. Azərbaycanda DİM-lərin inkişaf gündəliyinə daxil edilməsi və milliləşdirilməsi işini tamamlamaq, о cümlədən bu istiqamətdə hazırlanmış sənədlərin layihələrini və müvafiq fəaliyyət planlarını müzakirə edib ümumi razılığa gəlmək və təsdiqləmək üçün bütün maraqlı tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli bir forum keçirilməsi də planlaşdırılır. BMT-nin ölkəmizdəki nümayəndəliyi bu tədbirin təşkilinə dəstək göstərmək niyyətini bildirib.
Qeyd edilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin birincisi və ən önəmlisi məhz dünyanın hər yerində hamı üçün yoxsulluğun bütün formalarına son qoymaqdır. Bu məqsədə nail olmaq üçün Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəfi bütün səviyyələrdə yoxsulluqla mübarizə tədbirlərini gücləndirməklə, ölkədə mütləq yoxsulluq səviyyəsini mümkün olan minimuma endirmək və əhalinin bütün təbəqələrinin rifah halını yüksəltməkdir. Azərbaycan 2000-ci ildə Minilliyin Bəyannaməsinə qoşularaq yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlər həyata keçirib və mühüm nəticələr əldə edib. Bir sıra dövlət proqramlarının qəbulu və icrası nəticəsində ölkədə yoxsulluğa son qoyulub, mütləq yoxsulluq səviyyəsi xeyli dərəcədə azaldılıb, əhalinin rifahının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının yaşayış şəraiti yaxşılaşdırılıb. 2001-ci ildən başlayaraq ölkəmizdə milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2015-ci ildə 49 faizdən 8,6 dəfə azalaraq 4,9 faiz səviyyəsinə düşüb.
Azərbaycan Həmkarlar İttifaqları əhalinin məşğulluğuna dair məsələləri daim diqqət mərkəzində saxlayır, dövlət məşğulluq siyasətinin işlənilməsində və həyata keçirilməsində, müvafiq dövlət proqramlarının hazırlanmasında və icrasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak edir. Bundan başqa, işçilərin əmək hüquqlarının qorunmasını təmin edir, onların kütləvi şəkildə ixtisarlarının qarşısını alır, mövcud iş yerlərinin qorunub saxlanılmasına çalışır. Məşğulluq problemlərinin həll edilməsində sosial tərəfdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Baş Kollektiv Sazişdə məşğulluğa dair ayrıca bölmə öz əksini tapır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, eləcə də layiqli əmək və sosial ədalət uğrunda həyata keçirdiyi tədbirlərin sosial tərəfdaşlıq prinsipləri əsasında hökumət və işəgötürənlərlə dialoq aparılmasına sadiqdir.
2016-cı ilin sentyabrında BƏT və sosial tərəfdaşların iştirakı ilə “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” işlənib hazırlanıb və qəbul edilib. Bu proqramın və ölkədə layiqli əməyin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu, vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə AHİK-in İcraiyyə Komitəsi “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası qəbul edilib. Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və səkkiz istiqamət üzrə görəcəyi işlər müəyyənləşdirilib.
Sonra “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri” mövzusunda təqdimat olub.