Kənd Təsərrüfatı Nazirliyi ölkənin müxtəlif regionlarında fermerlər üçün zərərverici orqanizmlərə qarşı mübarizə ilə bağlı təlimlər təşkil edəcək. Təlimlər nazirliyin həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunur.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, ölkənin bitki mühafizəsi istiqamətində çalışan mütəxəssis və alimlərinin aparacağı təlimlər əvvəlcədən müəyyən edilmiş 3 bitki üzrə keçiriləcək.
Belə ki, kartof bitkisi üzrə Tovuzda, qarğıdalı bitkisi üzrə Samuxda və meyvə bağları üzrə Qubada zərərverici orqanizmlərə qarşı mübarizə üzrə təlimlər aparılacaq.
Təlimlərin təşkilində məqsəd Azərbaycan fermerlərinin qabaqcıl kənd təsərrüfatı ölkələrində tətbiq edilən müasir, yüksək səmərəli, ekoloji cəhətdən təhlükəsiz pestisidlər haqqında məlumatlarını artırmaq, müasir metodlardan istifadə edərək mübarizə işinin təşkil etmələrinə və onlarda bitki mühafizəsi sahəsində peşəkarlıqlarının formalaşmasına yardım etməkdir.
Qeyd olunub ki, zərərvericilərə qarşı mübarizə fermerlərin pestisidlərdən səmərəli istifadəsinə nail olmağa, hektara düşən "pestisid yükünü" azaltmağa, ətraf mühitin çirklənməsinin qarşısını almağa xidmət edəcək və becərilən məhsulun sağlamlığını qorumaqla bazarda rəqabət qabiliyyətini artıracaq.