Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Pakistanda növbəti xeyriyyə tədbiri təşkil olunub.
Pakistanda əlillərin təhsili, qayğısı və koordinasiyası üzrə fəaliyyət göstərən Xüsusi Təhsil üzrə Milli İnstitutda keçirilən mərasimdə ölkənin Paytaxt İdarəçiliyi və İnkişaf üzrə dövlət naziri Tarik Fazal Çoudri, nazirliyin Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin baş direktoru Şeyx Əzhər Səccad, Xüsusi Təhsil üzrə Milli İnstitutun direktoru xanım Nüsrət Tahir, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif Nur, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və sağlamlıq imkanları məhdud uşaqlar iştirak ediblər.
Tarik Fazal Çodri xeyirxah təşəbbüslərə görə Azərbaycan hökumətinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, Fondun Pakistanda həyata keçirdiyi layihələrin Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini, Pakistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Dəhşətli zəlzələ nəticəsində tamamilə dağılan Müzəffərabadda Heydər Əliyev Fondunun tikdirdiyi qızlar məktəbinin, habelə Pakistanın müxtəlif əyalətlərində reallaşdırdığı humanitar layihələrin nəcib təşəbbüsün təzahürü olduğu diqqətə çatdırılıb. Nazir Azərbaycan-Pakistan dostluğunun möhkəm təməllər üzərində qurulduğunu, ölkələrin həssas zamanlarda bir-birini dəstəklədiyini bildirib, Pakistan hökumətinin sosial sahədə gördüyü işlər barədə məlumat verib.
Şeyx Əzhər Səccad Heydər Əliyev Fondunun Pakistanda sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları mərkəzlər üçün keçirdiyi xeyriyyə tədbirinin mənəvi məqamlarından bəhs edərək bu layihələrin onların həyata nikbin yanaşmasına stimul verdiyini deyib.
Tədbir iştirakçılarını Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından salamlayan və bayram münasibətilə təbriklərini çatdıran ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin səmimi münasibət və möhkəm təməllər üzərində qurulduğunu, hər iki ölkənin demək olar ki, bütün məsələlərdə bir-birini dəstəklədiyini, ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, ticari, humanitar və digər sahələri əhatə etdiyini nəzərə çatdırıb.
Heydər Əliyev Fondunun bir sıra ölkələrdə, o cümlədən Pakistanda gördüyü işlər barədə məlumat verən səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə gerçəkləşdirdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini, bu layihələrin Azərbaycan xalqının qardaş Pakistana olan səmimi hisslərinin və həmrəyliyimizin simvolu olduğunu vurğulayıb.
Səfir Fond tərəfindən 2005-ci ildən başlayaraq Pakistanda məktəb tikintisi, Talassemiya Mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması və bu kimi bir çox layihələrin həyata keçirildiyini, bugünkü xeyriyyə tədbirinin də həmrəyliyin, birliyin təzahürü olduğunu qeyd edib. O, hədiyyələrlə yanaşı, qurbanlıqların kəsilərək sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin beş mərkəzinə təqdim olunduğunu bildirib.
Tədbirdə uşaqlar kiçik səhnəciklər göstərib, mahnılar ifa ediblər. Sağlamlıq imkanları məhdud uşaqlar üçün mərkəzlərə Heydər Əliyev Fondunun hədiyyələri, planşetlər, dərs ləvazimatları və müxtəlif oyuncaqlar da təqdim olunub.