“Azərbaycan kənd təsərrüfatı maliyyə aləti layihəsi” çərçivəsində fermerlərə təlim keçirilib

15045973891699913564_1000x669

Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) müştərək layihəsi olan “Azərbaycan kənd təsərrüfatı maliyyə aləti layihəsi”nin (AZAFF) nümayəndələri fermerlərin maliyyə savadlılığı mövzusunda regional tədbirlərini həyata keçirimək üçün Şəki-Zaqatala iqtisadi rayonuna səfər ediblər.

AYİB-dən bildirilib ki, artıq iki ilə yaxın müddət ərzində ölkədə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti iki seminar Şəki-Zaqatala iqtisadi rayonunda təşkil olunub. Təlimlər avqustun 30-31-də Zaqatala və Şəki rayonlarında olmaqla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilib. Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzuları olub. Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanıb və ümumilikdə 50-dan çox yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak edib.

Layihənin aparıcı eksperti İlqar Tağıyev Zaqatalada keçirilən təlimdə bildirib ki, bu tip seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır. Tədbirdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də təqdim olunub.

Şəkidəki təlimin isə əsas məqsədi fermerlərə büdcənin tutulmasının və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsinin əhəmiyyəyini vurğulamaq olub. Tədbir yerli fermerlər tərəfindən maraqla qarşılandı. Fermerlər bu və digər mövzular üzrə biliklərin artırılmasının və bu tip tədbirlərin silsilə hal kimi həyata keçirilməsinin önəmli olduğunu qeyd ediblər.

Hər iki təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar. AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığının artırılmasına dair təlimlərin növbəti aylar ərzində həyata keçirilməsi nəzərdə tutulur.

 

2017-09-05 / 11:50
Facebook