Bakı Dövlət Universitetinin (BDU) ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Abbas oğlu Şahbazinin (Simurq) anadan olmasının 125 illiyi ərəfəsində avqustun 30-da onun yaşadığı evin qarşısında (İstiqlaliyyət küçəsi, 63) xatirə barelyefinin açılışı olub.
Açılış mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov T.Şahbazinin həyat və fəaliyyəti, təhsilimizin inkişafındakı xidmətləri haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, 1892-ci ildə anadan olan Tağı Şahbazi Xarkov Universitetində təhsil alıb, Azərbaycanda müxtəlif mühüm vəzifələrdə çalışıb. O, 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru olub, 1930-1937-ci illərdə isə Azərbaycan xalq səhiyyə komissarının müavini vəzifəsində işləyib.
Tağı Şahbazi amansız repressiya dövründə həbs olunaraq 1937-ci ildə güllələnib.
Çıxış edən digər alimlər də Tağı Şahbazinin təhsilə, mədəniyyətə, ədəbiyyata verdiyi töhfələrdən bəhs ediblər.