İsrail mütəxəssisləri Azərbaycanda narçılığın inkişafı üçün seminar təşkil edib

15035661636023738255_1000x669

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və İsraildən olan mütəxəssislərin iştirakı ilə Göyçay və ətraf rayonlarda narçılıqla məşğul olan fermerlər, bağbanlar, aqronomlar, xarici ölkələrə nar ixrac edən iş adamları üçün seminar təşkil olunub.

Göyçay Gənclər Mərkəzində keçirilən seminarda İsrailin ölkəmizdəki səfiri Dan Stav iki ölkə arasında müdafiə, iqtisadiyyat, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı atdığı addımları gördükdə düşündük ki, bu bizim üçün də yaxşı bir imkandır və iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrimizi genişləndirək, xüsusən də narçılıq sahəsində əməkdaşlıq edək”, - deyə səfir bildirib.

O, İsraildən Azərbaycana gələn narçılıq mütəxəssislərinin ölkəsində tanınmış şəxslər olduğunu, onların nar bağlarına yüksək qulluq etmək və ziyanvericilərlə mübarizə aparmaq sahəsində yaxşı bacarığa malik olduğunu bildirib: “Azərbaycanın münbit torpağı, su ehtiyatları mövcuddur, burada zəhmətkeş insanlar çoxdur. Ümid edirəm ki, bu seminar uğurlu əməkdaşlığımızın ilk addımı olacaq və bizim mütəxəsislər yerli bağbanlarla birləşib Azərbaycanda narçılığın inkişafına töhvə verə biləcəklər”.

Seminarda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov Azərbaycanda yetişdirilən nar dadına və keyfiyyətinə görə digər ölkələrdəkindən tam fərqləndiyin deyiblər. Bildirilib ki, Azərbaycan narı bir çox üstünlərinə görə dünya bazarında böyük alıcılıq qabiliyyətinə malikdir. Ölkəmizdə nar istehsalının daha da artırılması və ixracın genişləndirilməsi üçün təşkil olunan bu seminarda Göyçayın bütün kəndlərində ixrac yönümlü məhsul olan narın yetişdirildiyi, kəndlilərin bu sahəyə böyük marağının olduğu, rayon bağbanları üçün ən gəlirli sahə hesab edildiyi və məhsulun böyük bir hissəsinin Rusiyaya ixrac olunduğu qeyd edilib.

Məlumat verilib ki, nar Azərbaycanın demək olar bütün rayonlarında yetişdirilir. Azərbaycanda mövcud olan nar bağlarının təxminən 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür. Göyçayın tarixi uzun illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. 2006-cı ildən bəri hər il Göyçayda ənənəvi olaraq nar bayramı keçirilir. Göyçayda narın 67 sortu yetişdirilir. Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Ötən il Göyçayda 48 min 500 tona yaxın nar istehsal olunub və məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb.

İsrail mütəxəssisləri əvvəlcə Göyçayda mövcud nar bağları ilə tanış olub, ağacların becərilməsi, məhsulun yetişdirilməsi qaydaları ilə maraqlanıblar. Sonra mütəxəssislər İsraildə ixrac yönümlü narın yetişdirilməsi üçün hansı tədbirlərin görülməsi barədə yerli bağbanlara məlumat veriblər. Seminar iştirakçılarına yüksək istehsalat texnologiyalarının narçılıqda tətbiq edilməsi, yüksək keyfiyyətli tingçilik təsərrüfatlarının yaradılması, tinglərin xarici bazarlarda satılması, damlama suvarma sistemlərinin tətbiq edilməsi, nar bağlarında ekoloji təmiz və yüksək keytiyyətli texnikalar vasitəsilə aqrotexniki qulluğun aparılması, məhsulun tələf olmaması üçün ziyanvericilərə qarşı mübarizə yolları barədə ətraflı məlumat verilib.

Seminarda yerli və xarici bazarlara keyfiyyətli məhsulların davamlı olaraq çıxarılması üçün kooperativlərin yaradılması və “Azərbaycan narı” brendini yaratmaqla məhsulların satışının vahid brend altında həyata keçirilməsi barədə danışılıb.

Sonda narçılıqla məşğul olan insanlar vasitəsilə nar bağlarında səmərəli gübrələmə yolu ilə orqanik gübrələmə metoduna keçidin təmin olunması, zərərvericilərə qarşı təkmil mübarizə yolları, nar yığımında qabaqcıl texnologiyaların tətbiqi ilə məhsul itkisinin qarşısının alınması, yığımdan sonrakı mərhələdə çeşidləmə, qablaşdırma, etiketləmə barədə maarifləndirilib, onlara məlumat kitabçaları paylanılıb.

2017-08-24 / 14:21
Facebook