Torpağa bağlılıq, Azərbaycan əsgərinə inam və düşmənə artan nifrət – Alxanlıdan REPORTAJ

w_161500102318861712853_1000x669

Qısa məlumat: 1993-cü ilin avqust ayında Ermənistan hərbi birləşmələrinin işğal etdiyi Alxanlı kəndi çox keçmədən - 1994-cü ilin yanvarında Azərbaycan Ordusu tərəfindən azad olunub. Elə həmin vaxtdan da Alxanlı sakinləri öz doğma kəndlərinə qayıdıblar. Rayonun digər cəbhəyanı kəndlərində olduğu kimi, bu istiqamətdə də atəşkəs tez-tez pozulur. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Alxanlı kəndinin sakinləri Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub, Səlminaz Quliyeva isə yaralanıb.

Evlərinin həyətində oynayan 2 yaşlı Zəhranın və onun nənəsinin erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində həlak olması xəbəri bütün dünyada əks-səda doğurdu. Hər kəs erməni faşizminin iç üzünü bir daha gördü. Xocalıda, Qaradağlıda, digər yaşayış məntəqələrimizdə törədilən oxşar cinayətlər yenidən təkrarlandı. Yəqin ki, düşmən bununla yerli sakinləri qorxutmaq, onları ruhdan salmaq məqsədi güdürdü. Lakin ermənilərin bu niyyəti baş tutmadı. Bu gün kənddə həyat öz axarı ilə davam edir. Alxanlıya növbəti səfərim zamanı bunun bir daha şahidi oldum.

Kəndin icra nümayəndəsi İlham İsrafilovla söhbət zamanı bildirir ki, bu günlərdə erməni hərbçilərinin törətdiyi qanlı cinayət ölkəmizin, eləcə də dünya ictimaiyyətinin kəskin etirazına səbəb olub. Baş verənlərə baxmayaraq, sakinlər heç də ruhdan düşməyib, əksinə, onlarda düşmənə nifrət birəbeş artıb: “İnsanlarımız gündəlik həyatlarını yaşayır, əkin-biçinlə, heyvandarlıqla məşğuldurlar. Hər kəs dövlətimizin yaratdığı şəraitdən, ayrılan subsidiya və güzəştlərdən yararlanaraq torpağa daha sıx bağlanır. Alxanlıda hazırda 420 təsərrüfat var. Düşmənin atəşkəsi tez-tez pozması, kəndi müxtəlif silahlardan atəşə tutması sakinləri qorxutmur. Ruh yüksəkliyinə səbəb əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana böyük inamdır”.

Hazırda kənddə əkin-biçin vaxtıdır. Bu il 5500 hektar sahədə buğda, 1200 hektarda arpa becərən kənd sakinləri biçini yekunlaşdırıblar. Zəmilərdən bol məhsul götürülüb. Kəndin kümçüləri, həmçinin 1600 kiloqram barama tədarük ediblər. Bundan başqa, 15 hektarda tərəvəz, 100 hektarda çuğundur, 75 hektarda pambıq əkilib.

Əkinçiliklə məşğul olan Tehran Hüseynov deyir: “Düşmən kəndi tez-tez atəşə tutsa da, əlimiz işdən soyumur. Ordumuz ermənilərin cavabını artıqlaması ilə verir. Biz də dövlətimizə, ordumuza güvənərək öz adi həyatımızı yaşayırıq. Bu il 150 hektarda taxıl becərmişəm, 400 tondan çox məhsulum olub.”

Kənd yolu ilə irəliləyərkən balaca Zəhranın və nənəsinin həlak olduğu yerə çatırıq. Düşmənin atdığı mərminin izləri hələ də qalmaqdadır. Bu günlərdə buranı minlərlə insan ziyarət edib, hadisə yerinə gül-çiçəklər düzülüb.

Əlimdə mikrofon görən kənd sakini Balaxan Məmmədov mənə yaxınlaşır. Onunla söhbət edirəm. İki yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə işarə edərək deyir: “Buranı beynəlxalq təşkilatların nümayəndələrinə də göstərmişik. Onlar da Zəhra balamızın düşmənin açdığı atəş nəticəsində qətlə yetirildiyini bilirlər, ancaq susurlar. Düşmənin açdığı atəşlərə baxmayaraq evimizi, kəndimizi tərk etmirik. Ordumuza, Prezidentimizə güvənirik. Ali Baş Komandanımızın əmri ilə hamı kimi mən də əlimə silah alıb düşmənlə vuruşmağa hazıram.”

Aralıdan balaca uşaqların səsi gəlir. Bir az irəlilədikdən sonra yol kənarında oynayan bir dəstə uşaq gördüm. Güllə səslərinə öyrəşən bu balacalar cəbhə xəttində yaşamağın ağırlığını hiss etmədən atılıb-düşür, deyib-gülürdülər. Dayanıb bir müddət onlara baxdım. Bu mənzərə on gün əvvəl yaşanmış Alxanlı faciəsinin kədərini bir anlıq da olsa unutdurdu.

Rayonun təmas xəttinə yaxın digər kəndləri kimi, Alxanlıda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür. Kəndə gedən avtomobil yolu yenidən qurulub, su, qaz və elektrik problemləri həll edilib. Kəndi gəzərkən bu quruculuq işlərinin də şahidi oluram.

Bir az qabaqda həyətlərdən birində təndir qalanmışdı. İsti çörəyin ətri ətrafa yayılırdı. Ev sahibəsi Minayə Alıyeva məni həyətə dəvət etdi, isti təndir çörəyindən daddıq. Uşaqlar təndirdən yeni çıxmış çörəyi iştahla yeyirdilər. Bu, onların üzündəki məsumluğu daha qabarıq göstərirdi. Minayə xanım bizə qonaq qalmağı təklif etsə də, hava qaralırdı. Artıq yola çıxmağın zamanı yetişmişdi.

Beləcə, kənddən ayrılıram. Səfər zamanı diqqətimi çəkən əsas məqamlar isə bunlar oldu: kənd sakinlərinin torpağa möhkəm bağlılığı, Azərbaycan Ordusuna inam və düşmənə artan nifrət.

 

2017-07-15 / 12:12
Facebook