Məktəbəqədər təhsil müəssisələrində maliyyə savadlılığı üzrə tədbirlərin növbəti mərhələsinin icrasına bu ilin sentyabr ayında başlanılacaq.
Bu il fevralın 16-dan iyunun 5-dək Bakı və Xırdalan şəhərlərində yerləşən 15 məktəbəqədər təhsil müəssisəsində məktəbəqədər təhsilin standartlarına uyğun olaraq 25 dəqiqəlik məşğələlər keçirilib.
Uşaqlarda ilkin maliyyə savadlılığı anlayışlarını formalaşdırmaq üçün məşğələlər ərzində onlara pul tarixi, pul nişanları və qənaətlə bağlı məlumatlar interaktiv oyunlar vasitəsilə təqdim edilib. Bu tədbirlərdə ümumilikdə 400-ə yaxın uşaq və tərbiyəçi əhatə olunub.
Mərkəzi Bank geniş əhalinin, xüsusilə məktəblilər, valideynlər, məktəbəqədər təhsil müəssisələrinin uşaq və müəllim heyətinin bu tədbirlərə olan böyük marağını nəzərə alaraq, gələcəkdə onların artırılması, bir qədər geniş miqyasda reallaşdırılması üçün yeni, təkmilləşdirilmiş resurslar üzərində işləyir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi siyasəti çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərini davam etdirir.