Biləsuvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən mərasimdə Ulu Öndərin mənalı ömür yolundan ətraflı söhbət açılıb.
Əvvəlcə rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ulu Öndərin dövlətçiliyimiz tarixindəki misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, 1990-cı illərdə yaşanan siyasi-iqtisadi böhran, dövlətçiliyimizin yox olmaq təhlükəsi xalqın yenidən öz liderini - Heydər Əliyevi hakimiyyətə gətirməsi ilə nəticələndi. Çünki ölkəni belə ağır vəziyyətdən yalnız o çıxara bilərdi. Ulu Öndərin rəhbərliyə qayıdışından sonra ölkə düşdüyü böhrandan qısa müddətdə xilas oldu, siyasi sabitlik, vətəndaş həmrəyliyi yarandı. Məhz, bundan sonra iqtisadi və siyasi islahatlara start verildi, ordu quruculuğuna başlanıldı.
Çıxışlarda Ulu Öndərin Biləsuvara diqqət və qayğısından danışılıb, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən sosial siyasətdən, Biləsuvarın timsalında şəhər və kəndlərimizin abadlaşmasından söz açılıb.
Tədbir konsert proqramı ilə davam edib.