Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən şənlikdə iştirak edib


14943441121672745072_1000x669

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində keçirilən budəfəki tədbirdə Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan 200-dən çox uşaq iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, fərqlənən iştirakçılara hədiyyələr təqdim edilib.

İncəsənət ustalarının çıxışları, uşaqlar üçün hazırlanmış şoular tədbirə qatılan azyaşlıların və yeniyetmələrin marağına səbəb olub.

Uşaqlar da bu tədbir üçün hazırladıqları proqramları təqdim ediblər. Daun sindromlu uşaqların rəqs nömrəsi alqışlarla qarşılanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbir iştirakçıları ilə birgə rəqs edib və onlarla xatirə şəkilləri çəkdirib.

Şənliyin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə qayğısı ilə əhatə olunması və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili Heydər Əliyev Fondunun əsas prioritet istiqamətlərindəndir.

Bununla əlaqədar Fond mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evləri və internat məktəblərində olur, xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkir, onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edirlər.

2017-05-10 / 09:13
Facebook