Əmlak Məsələləri Dövlət Komitəsinin mobil laboratoriyaları Sabirabadda fermerlərə xidmət göstərib


14942387823636535152_1000x669

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil torpaq laboratoriyaları Sabirabad rayonunda fermerlərə xidmət göstərib.

Komitədən bildiriblər ki, bu işlər komitənin nəzdində fəaliyyət göstərən stasionar və mobil torpaq və bitki laboratoriyaları vasitəsilə həyata keçirilir. Belə ki, mobil laboratoriyalar birbaşa kəndlinin, fermerin əkin-biçin sahələrində xidmət göstərməklə operativ qaydada torpaqların tədqiqatını aparır və analizlərin nəticələrinə əsasən fermerlərə aqrokimyəvi tədbirlərin görülməsi ilə bağlı məsləhət xidmətləri göstərir.

Bu dəfə mobil laboratoriyalar mayın 8-də Sabirabadda olub. Rayonun əkin sahələrində, o cümlədən pambıq tarlalarında torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilib. Mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlılıq dərəcələri, analizlər nəticəsində torpağın “qida rasionu” müəyyənləşdirilib. Torpaqların ən vacib göstəriciləri, onların morfoloji xüsusiyyətləri yəni, nəmliyi, ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, temperaturu və s. təyin olunub. Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvi gübrələrdən nə qədər verilməsi müəyyənləşib. Kəndlilər torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə elə həmin gün məlumat alıblar. Mobil laboratoriya xidməti birbaşa olaraq kəndlinin əkin-biçin sahələrində göstərilməklə rahatlığı, səmərəliliyi, operativliyi təmin edir. Bununla fermerlər vaxtlarını qənaət edir, zamanı düzgün planlaşdıra bilirlər. Eyni zamanda bu, fermerlərin torpaqlardan səmərəli istifadə etməsinə, məhsuldarlığın xeyli artmasına imkan verəcək.

Qeyd edilməlidir ki, Komitə tərəfindən tətbiq olunan innovativ layihələrin əsas məqsədi vətəndaş məmnunluğunun artırılmasına yönəlir. Mobil laboratoriyaların istifadəyə verilməsi də bu amala xidmət edir. Mobil laboratoriyalar müasir tələblərə cavab verən, mütərəqqi texnologiyalarla təchiz olunub. Laboratoriya ilə fermerlər əkin sahələrinin yararlı olub-olmamasını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə bilirlər. İstənilən ucqar kənd yerlərində fəaliyyət göstərən fermerlərə bu cür xidmət göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə mobil laboratoriyalarla yanaşı, Bakıda da stasionar laboratoriya fəaliyyət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir.

Bu il 14 rayonda - Ağcabədi, Şabran, İmişli, Qəbələ, Kürdəmir, Şəmkir, Samux, Zərdab, Masallı və digər bölgələrin 657 min hektardan çox ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işləri aparılacaq. Çöl torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsaslanaraq bu rayonların torpaq, şorlaşma və eroziya xəritələri hazırlanacaq. Eyni zamanda, həmin ərazilərin torpaqlarının bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri paralel olaraq aparılacaq. Bununla yanaşı, cari ildə respublikanın müvafiq regionlarının 810 min hektara yaxın ərazisində, yay və qış otlaqlarında irimiqyaslı çöl geobotaniki tədqiqat işləri tam yerinə yetiriləcək. 2020-ci ilədək Azərbaycanda torpaqların keyfiyyət göstəricilərinə görə uçotunun aparılması nəzərdə tutulub.

Torpaqları haqqında daha əsaslı məlumat almaq istəyən kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlar Komitəyə müraciət edərək torpaqların keyfiyyəti, onların problemləri və bu problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər barədə tövsiyələrdən yararlana bilərlər.

 

2017-05-08 / 15:25
Facebook