ISESCO-nun baş direktoru Bakı Ali Neft Məktəbində


14942335923005846506_1000x669

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) prezidenti Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılmış kampusunun qonağı olub.

Görüşdə BANM-in rəhbərliyi, əməkdaşlar, müəllim və tələbələr iştirak ediblər.

BANM-dən bildiriblər ki, ISESCO-nun baş direktoru bu ali məktəbin kampusunda yaradılan şəraitlə tanış olub. BANM-in şəhərciyi haqqında qonağa ətraflı məlumat verən rektoru Elmar Qasımov bildirib ki, şəhərcik ən müasir və yüksək tələblərə cavab verir. Qeyd edilib ki, mayın 1-də Prezident İlham Əliyevin iştirakı ilə ali məktəbin yeni tikilmiş kampusunun açılışı keçirilib. Rektor xatırlatdı ki, BANM 2011-ci il noyabrın 29-da Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb. Bildirilib ki, bu ali məktəbin yaradılmasının əsas məqsədi gündən-günə inkişaf edən ölkəmizin və SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilisdilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır.

E.Qasımov vurğulayıb ki, BANM tədrisin keyfiyyətinin yüksəldilməsinə və mütəxəssis hazırlığı sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir. Bu məqsədlə bir çox ölkələrin müvafiq qurumları və iri şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb. Onların sırasında FUIW da var. Rektor ölkəmizdəki tolerant mühit barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, bu gün Azərbaycanda dinlərarası münasibətlərdə tolerantlığın ən yüksək səviyyəsi mövcuddur.

Əbdüləziz bin Osman əl-Tüveycri dəvət üçün BANM-in rektoru E.Qasımova minnətdarlığını bildirib, Azərbaycanda təhsilə dövlət qayğısından məmnunluğunu ifadə edib. O deyib ki, ali təhsil müəssisəsi təkcə müasir korpus və yeni avadanlıqdan ibarət deyil, burada, hər şeydən əvvəl, pedaqoji və elmi mütəxəssisləri ilə fərqlənmək lazımdır. Bu baxımdan BANM Azərbaycanın ən yaxşı professor və alim heyətinə malik olduğu üçün fəxr edə bilər.

ISESCO-nun baş direktoru deyib: “Biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını Ali Məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik”. Əbdüləziz bin Osman əl-Tüveycri İslam ölkələrini təmsil edən tələbələrə BANM-də tədrisə cəlb olunmaları üçün dəstək göstərəciyini bildirib.

2017-05-08 / 14:07
Facebook