Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı “dəyirmi masa” keçirilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Qeyd olunub ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, həmin dövrün başlıca mahiyyətini təşkil edir. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Ümummilli lider Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan dahi şəxsiyyət idi. Heydər Əliyev Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrini yaşadıbdır. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi idi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov, rayon ictimaiyyətinin nümayəndələri İbrahim Əliyev, Qabil Cəfərov, Misir Həsənov və digərləri çıxışlarında bütün ömrünü xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin tarixində qoyduğu silinməz izlərdən söz açıblar.