
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbərliyi, Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, məktəblilər, valideynlər, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.
Əvvəlcə müsabiqə iştirakçılarının hazırladıqları Qərbi Azərbaycanın tarixi abidələrinin maketlərindən ibarət sərginin açılışı olub. Qonaqlar sərgi ilə tanış olub, məktəblilərin əl işlərinə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan QAİ-nin Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı layihənin əhatə dairəsi və nəticələri barədə məlumat verib.
O bildirib ki, müsabiqə ölkənin müxtəlif bölgələrindən, o cümədən Xankəndidən olan məktəbliləri əhatə edib. İlkin şərtlərə əsasən, final mərhələsinə 60 maketin çıxarılması nəzərdə tutulsa da, məktəblilərin təqdim etdikləri işlərin yüksək səviyyəsi və fərqliliyi nəzərə alınaraq bu say artırılıb və final mərhələsinə 160 layihə seçilib.
QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə vurğulayıb ki, layihənin əsas əhəmiyyəti Qərbi Azərbaycana qayıdış ideyasının ölkənin bütün bölgələrində, məktəblilər arasında təbliğinə xidmət etməsidir.
“Qalib layihələr dekabrın 4-də keçiriləcək Qərbi Azərbaycan İcmasının IV Beynəlxalq Konfransı çərçivəsində nümayiş etdiriləcək. Tədbirdə 70-dən çox ölkədən 100-dən artıq nümayəndənin iştirakı gözlənilir və məktəblilərin əl işləri beynəlxalq qonaqlara təqdim olunmaqla Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılmasına xidmət edəcək”, – deyə o qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında layihənin gənc nəslin formalaşması, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi və vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətini vurğulayıb.
“Uşaqların bu gün necə yetişdirilməsi gələcək cəmiyyətin formalaşmasına birbaşa təsir göstərir. Vətənpərvərlik yalnız sözlə deyil, ana dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini dərindən bilməklə formalaşır”, – deyə nazir müavini bildirib.
QAİ-nin Müşahidə Şurasının sədri, professor Misir Mərdanov layihənin təhsil, milli yaddaşın qorunması və gənc nəslin tarixi irsə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.