
Üzeyir Hacıbəylinin azərbaycanlı peşəkar musiqiçilərin formalaşmasında və həyatındakı rolu danılmazdır. Onun çoxşaxəli yaradıcılığı təkcə musiqi sahəsində deyil, bütövlükdə milli mədəniyyət və incəsənətin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Dahi bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi töhfələr bu gün də öz aktuallığını saxlayır. Üzeyir bəyin Azərbaycan muğamlarının elmi əsaslarla öyrənilməsi, tədris prosesinə daxil edilməsi və akademik səviyyədə təbliği istiqamətindəki böyük xidmətləri bu gün də uğurla davam etdirilir.
Bu fikirləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Prezident mükafatçısı Mustafa Mehmandarov bildirib.
Dirijor bildirib ki, Üzeyir Hacıbəylinin Azərbaycan və ümumən Şərq musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olub. O, Şərqdə ilk operanın müəllifi olmaqla yanaşı, ilk simfonik orkestrin yaradılmasında da mühüm rol oynayıb. Dahi bəstəkar, teatr və musiqi sənətinin inkişafı, bu sahələr üzrə peşəkar kadrların hazırlanması, eləcə də müvafiq mədəniyyət və təhsil müəssisələrinin formalaşmasında böyük xidmətlər göstərib. Bu baxımdan, dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyası (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) 1921-ci ildə Üzeyir bəyin təşəbbüsü ilə yaradılmış Azərbaycanda və regionda ilk ali musiqi təhsili ocağıdır. Onun təşəbbüsü və çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan musiqi mədəniyyətinin bir sıra fundamental institutlarının əsası qoyulub və bu irs bu gün də davam etdirilir.
Mustafa Mehmandarov dahi bəstəkarın ilk dəfə 1945-ci ildə nəşr olunan “Azərbaycan xalq musiqisinin əsasları” kitabının əhəmiyyətini xüsusi vurğulayıb: “Üzeyir bəyin müəllifi olduğu bu fundamental əsər Azərbaycan xalq musiqisinin, o cümlədən muğamın elmi əsaslarının öyrənilməsi və sistemləşdirilməsi baxımından misilsiz qaynaqdır. Bu günə qədər həmin əsərə tutarlı əks-arqument irəli sürən hər hansı musiqişünas və ya mütəxəssisə rast gəlinməyib. Hesab edirəm ki, Üzeyir bəy yalnız bu kitabı ərsəyə gətirmiş olsaydı bilə, ona böyük mənəvi borcumuzun olduğunu etiraf etməli idik”.