Rəhman Hacıyev: Qarabağ Dirçəliş Fondunun sifarişi ilə ərsəyə gətirilən film beynəlxalq mina probleminə həsr olunub

 

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə ərsəyə gətirilən “Ölümcül Miras” (“Deadly Legacy”) sənədli filmi beynəlxalq mina probleminə həsr olunub. Bu gün sənədli filmin qapalı nümayişi keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib. O qeyd edib ki, film Azərbaycanda həyata keçirilən genişmiqyaslı minatəmizləmə fəaliyyətini, mina partlayışları nəticəsində zərər çəkmiş insanların taleyini, eləcə də dünyanın müxtəlif ölkələrində mina təhlükəsinin yaratdığı ağır fəsadları əks etdirir.

Bildirilib ki, ekran əsərində Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya və Laosda mina problemi ilə bağlı mövcud vəziyyət, bu sahədə qarşıya çıxan çağırışlar və onların aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs olunur. Filmdə, həmçinin dünya miqyasında minatəmizləmə sahəsində həyata keçirilən fəaliyyət təhlil edilir.

“Təəssüf ki, mina problemi müharibələr başa çatdıqdan sonra da aktuallığını itirmir. Əsgərlər döyüş meydanını tərk etdikdən sonra da minalar insanları öldürməyə və yaralamağa davam edir. Məhz buna görə bu film uzun illər ərzində aktual olacaq. Beynəlxalq komanda ilə birlikdə Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işləri obyektiv şəkildə ictimaiyyətə təqdim etməyə çalışmışıq. Eyni zamanda, ölkəmiz və dünya qarşısında duran çağırışları diqqətə çatdırmaq istəyirik ki, bu mövzu beynəlxalq auditoriyanın gündəmində qalmağa davam etsin”, – deyə o vurğulayıb.

2026-09-02 / 19:20
Facebook