
Dil millətin mövcudluğunu təmin edən əsas sosial-mədəni faktorlardan biridir. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, milli şüurunu və mədəni identikliyini formalaşdıran fundamental amildir. Qloballaşma proseslərinin intensivləşdiyi müasir dövrdə ana dilinin qorunması və inkişafı xüsusi aktuallıq kəsb edir. Ana dili milli kimliyin əsas daşıyıcısıdır. Xalqın tarixi yaddaşı, dünyagörüşü, düşüncə tərzi, adət-ənənələri və mənəvi dəyərləri məhz dil vasitəsilə nəsildən-nəslə ötürülür. Ana dili zəiflədikcə milli şüurda parçalanma yaranır, mədəni özünəməxsusluq itir. Ana dili isə milləti birləşdirən, onun tarixi davamlılığını təmin edən əsas amildir.
Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov deyib.
O bildirib ki, qloballaşma beynəlxalq ünsiyyəti və informasiya mübadiləsini genişləndirsə də, milli dillər üçün bir sıra təhlükələr yaradır. Bu təhlükələr əsasən xarici dillərdən, xüsusilə ingilis və rus dillərindən alınma sözlərin nəzarətsiz şəkildə dilə daxil olması ilə müşahidə olunur. Media, reklam və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması, ana dilində mövcud qarşılıqları olan sözlərin işlədilməməsi dilin leksik sistemində tarazlığın pozulmasına səbəb olur. Nəticədə dilin saflığı və normativliyi zərər görür.
“Gündəlik danışıqda yad sözlərdən istifadə birmənalı şəkildə müsbət qiymətləndirilə bilməz. Elmi-texniki terminlər zərurət yarandıqda qəbul edilə bilər, lakin məişət və ümumi ünsiyyətdə ana dilində mövcud olan sözlərin yerinə yad sözlərin işlədilməsi dil laqeydliyinin göstəricisidir. Bu hal zamanla dilin ifadə imkanlarını zəiflədir və üslubi sadəliyi pozur. Dilin inkişafı ilə onun saflığı arasında tarazlıq qorunmalıdır. Belə ki, dilin daxili qanunauyğunluqlarına uyğun aparılmalı, yeni anlayışlar ilk olaraq milli söz yaradıcılığı imkanlarından istifadə edilməli, alınma sözlərdən yalnız zəruri olduqda və dilin fonetik, qrammatik qaydalarına uyğunlaşdırılaraq istifadə olunmalıdır. Həmçinin dil mədəniyyətinin təbliği gücləndirilməlidir”, - deyə İbrahim Bayramov deyib.
Onun sözlərinə görə, nəticə etibarı ilə ana dilin qorunması milli kimliyin saxlanılması və cəmiyyətin mədəni inkişafının davamlılığının təmin edilməsi baxımdan strateji əhəmiyyətə malikdir. Qloballaşma şəraitində dilin inkişafı bilavasitə milli dilin saflığına və struktur bütövlüyünə xələl gətirməməlidir. Dil siyasətinin elmi əsaslarla aparılması və dil mədəniyyətinin cəmiyyətdə təbliği bu baxımından əsas vəzifələrdəndir.