Hazırkı vəziyyətdə Suriyada yeni dövr başlayıb. Artıq gələcəyə baxmaq lazımdır. Bundan sonrakı mərhələdə fərqli etnik və dini qrupları əhatə edəcək idarəetmə anlayışı və sülh içində yaşadığı Suriya arzulayırıq. Qonşuları ilə yaxşı münasibətlərə sahib olacaq, bölgəsinə sülh və sabitlik gətirəcək yeni bir Suriya görmək istəyirik. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Bu məqsədlə regional iştirakçılar başda olmaqla, bütün tərəflərlə zəruri dialoq və koordinasiyanı davam etdiririk.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan söyləyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi sayəsində Türkiyənin artıq 13 ildir bütün platformalarda Suriya xalqının müdafiəsində dayandığını xatırladan nazir sözlərinə belə davam edib: “Türkiyə bundan sonra da Suriyanın ərazi bütövlüyünün, siyasi birliyinin, rifahının, təhlükəsizliyinin və sabitliyinin təmin olunması üçün üzərinə düşən hər cür məsuliyyəti daşımağa davam edəcək. Suriya xalqının bu fürsəti yaxşı dəyərləndirəcəyinə inanırıq. İŞİD və PKK-nın mövcud vəziyyətdən yararlanmasının qarşısının alınması Suriyanı terrorizm üçün “təhlükəsiz liman” olmaqdan xilas edəcək. Bunun üçün bütün fəaliyyətimizi əzmkarlıqla davam etdirəcəyik”.