Gənclər Kitabxanasında Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar silsilə materiallar - virtual kitab sərgisi və biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan bildirilib ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Beynəlxalq Əlilliyi olan Şəxslər Gününün təsis edilməsi tarixi, məqsədi və vəzifələri, bu sahədə qəbul edilən rəsmi sənədlərin elektron mənbələri haqqında geniş məlumat verilir.

Virtual sərgidə Azərbaycanda dövlət tərəfindən bu qəbildə olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması, ölkəmizdə bu sahədə aparılan islahatlar haqqında məlumatlar, Heydər Əliyev Fondunun bu sahədə olan dəyərli fəaliyyəti, əlilliyi olan şəxslərin cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyasını, idman, yaradıcılıq sahəsində qazandıqları uğurları əks etdirən videogörüntülər təqdim edilir. Hazırlanan materiallarda əlilliyi olan şəxslərin hüquqları, sosial müdafiəsi haqqında məlumatlar yer alır, fiziki cəhətdən qüsurlu insanlara göstərilən dövlət qayğısı, onların məşğulluq səviyyələrinin artırılması, rifahlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar haqqında məlumat verilir.

İcmalda “Müyəssər Azərbaycan”, “Əlillik qüsur deyil”, “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri”, “Nə etməli. Nə bilməli”, “Əlillik məsələləri üzrə terminlərin izahlı lüğəti”,“İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” kimi 20-dən çox kitabın qısa annotasiyası, biblioqrafik təsviri, 2021-2024-cü illəri əhatə edən dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir.

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmalhttps://ryl.az/virtual/virtual-kitab-sergileri yerləşdirilib.

2024-12-03 / 17:25
Facebook