Rusiya ilə mümkün sülh danışıqları fonunda mövqeyini möhkəmlətmək istəyən Kiyevin təzyiqlərinə baxmayaraq NATO-nun bəzi ölkələri və ilk növbədə ABŞ alyansa qoşulmaq üçün Ukraynaya dəvət göndərmək istəmir.
“France-Presse” agentliyi bu barədə adının açıqlanmasını istəməyən diplomata istinadla məlumat yayıb.
Məlumata görə, blokun xarici işlər nazirlərinin dekabrın 3-də Brüsseldə başlayacaq iclasında bu mövzu gündəmdə olmayacaq. Agentliyin həmsöhbətinin fikrincə, Kiyevin üzvlük məsələsi yalnız 2025-ci ilin iyun ayının sonuna planlaşdırılan alyans sammitindən əvvəl ciddi müzakirə ediləcək.
Eyni zamanda, ekspertlər ABŞ-ın hazırkı dövlət başçısı Cozef Baydenin prezidentlik müddəti bitənədək Kiyevə belə bir dəvət göndərəcəyi ehtimalını da zəif qiymətləndirir.
Xatırladaq ki, hələ 2022-ci ildə Ukrayna sürətləndirilmiş əsaslarla alyansa üzv olmaq üçün NATO-ya müraciət edib. Noyabrın 29-da Ukraynanın xarici işlər naziri Andriy Sibiqa alyansı müharibənin bitməsini gözləmədən Ukraynaya üzvlük dəvəti göndərməyə çağırıb.