Ermənistanın baş nazirinin sentyabrın 10-da “İrəvan dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır.
Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.
Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş nazirinin sentyabrın 10-da “İrəvan dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.
A.Hacızadə, həmçinin bildirib: "Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit olunmuş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır.
Guya Azərbaycanın Konstitusiya Aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.
Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında yer alan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.
Almatı Bəyannaməsi çərçivəsində Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik.
Kommunikasiyaların açılması məsələsində də Ermənistanın baş naziri üzərinə götürdüyü öhdəlikləri növbəti dəfə yanlış şərh edib. Üçtərəfli Bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin necə təşkil ediləcəyi açıq-aydın yazılıb.
Ümumilikdə üçtərəfli Bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabrınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneə törədildiyini, yerli ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il antiterror tədbirlərindən sonra erməniəsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır.
Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hamısını Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub.
Müxtəlif platformalardan yararlanmaqla ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq”.