Bu gün Bakıda III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı başlayır

 

Dekabrın 15-dən 22-dək III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçiriləcək. Azərbaycan müğənnilərinin vokal potensialını üzə çıxarmağa imkan verəcək tədbir M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyilə təşkil olunacaq.

Festivalın proqramı bir çox mədəni müəssisələri əhatə edəcək.

Festivalın ideya müəllifi və bədii rəhbəri respublikanın Əməkdar artisti Ramil Qasımov Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazova bu tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib.

Ramil Qasımov festivalın təntənəli açılışı ərəfəsində qeyd edib ki, bu il vokal əsərləri arasında xeyli yeniliklər olacaq. Belə ki, ilk dəfə olaraq, Azərbaycan bəstəkarlarının klassik vokal tərzdə yazılmış yeni əsərləri təqdim olunacaq. Bununla bilavasitə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə məşğul olur.

“Eyni zamanda, dekabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Bülbül vokal məktəbi”nin konserti keçiriləcək. Tədbir Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün xatirəsinə həsr olunacaq. Həmin gecədə Azərbaycan klassik operalarından incilər səsləndiriləcək. Konsert proqramına dünyaşöhrətli tenor Yusif Eyvazov yekun vuracaq. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan, musiqisi Xalq artisti Faiq Sücəddinova, sözləri İlqar Fəhmiyə məxsus əsəri ilk dəfə ifa edəcək”, - deyə Ramil Qasımov qeyd edib.

III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının “musiqi coğrafiyası” olduqca genişdir. Təşkilatçılar vokal sənətinə dəyər verənlərə və bu sənətin həvəskarlarına “Barokko axşamı” da təqdim edəcəklər. Konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında keçiriləcək. 170 illik yubileyini qeyd edən “Traviata” (Cuzeppe Verdi) operası Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində təqdim olunacaq. Festival çərçivəsində “Gənclik Mаll”da fləş-mob keçiriləcək. Gəncə və Sumqayıtda da konsertlər təşkil olunacaq. Tanınmış azərbaycanlı bəstəkarların və ifaçıların xatirəsinə həsr olunan gecələr təqdim ediləcək.

Festivalın bədii rəhbəri qeyd edib ki, III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının təntənəli bağlanış mərasimi dekabrın 22-də Heydər Əliyev Mərkəzində olacaq. Həmin gecədə xüsusi dəvət olunmuş qonaqların iştirakı ilə “Viva Puchchini” proqramında Cakomo Puççininin operalarından əsərlər səsləndiriləcək.

2023-12-15 / 14:47
Facebook