KİV: "Zelenski müharibənin Qərbin izlədiyi şouya çevrilməsindən narahatdır”

 

“Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı müharibənin Qərb müttəfiqlərinin izlədiyi şouya çevrilməsindən narahatdır”.

Bu barədə ABŞ-nin “Financial Times” nəşri yazıb.

Nəşr yazıb ki, ABŞ və Avropa Ukraynaya güclü dəstəyi davam etdirir: “Amma əsas sual müharibənin daha çox uzanacağı təqdirdə bu dəstəyin nə qədər davam etməsidir. Daha qorxulu ssenari Donald Trampın ABŞ prezidentliyinə mümkün qayıdışıdır. Qərb müttəfiqləri Ukraynanı uzunmüddətli dəstəyə arxayınlaşdıra biləcək konkret iqtisadi və hərbi addımlar atmalıdırlar”.

Qəzet yazıb ki, bu, həm də Rusiya Prezidenti Vladimir Putin üçün güclü nümayiş olardı: “Həmçinin Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən milyardlarla avronun istifadəsinə dair ötən ay razılaşdırılmış planları sürətləndirməlidir. Hazırda Brüsseldə Rusiyaya qarşı sanksiyaların 12-ci raundu, o cümlədən Rusiya almazlarının idxalına qadağa qoyulması müzakirə olunur”.

Nəşr iddia edib ki, müttəfiqlər ukraynalı pilotların təlimini sürətləndirməlidir: “Silah tədarükü ilə bağlı daha sistemli yanaşmaya ehtiyac var”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

2023-11-23 / 16:21
Facebook