“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun İrs Siyahısına salınıb

 

“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar verilib.

Dövlət Turizm Agentliyindən verilən məlumatda bildirilib ki, Agentlik tərəfindən hazırlanan nominasiyaya əsasən Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.

UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nominasiya sənədini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, bu sənəddəki köç yolunun nümunəvi tarixi-iqtisadi model kimi təkcə Azərbaycanın deyil, bütün dünya irsinin nadir nümunələrindən olduğunu qeyd edib.

2023-09-18 / 17:01
Facebook