Netanyahu: Dünya İranın kim olduğunu daha yaxşı anlamağa başlayır
İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın silah istehsalına qarşı fəaliyyət göstərdiyini desə də, bu yaxınlarda İranın hərbi sənaye obyektlərinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələrdə ölkəsinin iştirakını etiraf etməyib.
Иu mövzuya İsrail hökumət başçısının CNN-nə müsahibəsi zamanı toxunulub.
Baş nazir Netanyahu İsrailin İranda "müəyyən silah istehsalına qarşı hərəkətə keçdiyini” desə də, İran ərazisinə bu günlərdəki hücumların arxasında İsrailin olub-olmaması barədə xəbəri nə təsdiq, nə təkzib etməyib.
"Mən heç vaxt konkret əməliyyatlar haqqında danışmıram. Hər dəfə Yaxın Şərqdə hansısa partlayış baş verəndə İsraili günahlandırırlar və ya məsuliyyət daşıdığını deyirlər. Bəzən bunu edən bizik, bəzən deyilik", Netanyahu qeyd edib.
İsrail hökumət başçısı İranın Ukrayna müharibəsinə müdaxiləsini də qınayıb.
"Dünya İranın kim olduğunu daha yaxşı anlamağa başlayır - öz xalqına qarşı barbarlığı, Avropanın mərkəzində, Ukraynada günahsız insanları öldürən pilotsuz təyyarələrlə təchiz edilməsi faktı var”, - deyə o, Rusiyanı İran istehsalı olan dronlardan istifadə etdiyini xatırladıb.
O, İranın İsraili məhv etməyə yönəlmiş nüvə arsenalına sahib olmasının qarşısını almaq üçün Baş nazir kimi əlindən gələni etməyə hazır olduğunu deyib.
“Tehran yalnız İsrailə deyil, Amerikaya da ölüm arzulayır. Düşünürəm ki, nüvə silahı əldə etməyi dayandırmağın və ya ondan çəkinməyin yeganə yolu ağır iqtisadi sanksiyalarla yanaşı, etibarlı hərbi təhdid yoludur”, - deyə Baş nazir bildirib.