Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturuna xidmət göstərilməsi üçün yeni alınan maşın-mexanizmləri təqdim edib.
Avqustun 25-də keçirilən təqdimat mərasimində yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, inşa edilən avtomobil yollarının müasir səviyyədə və keyfiyyətlə yenidən qurulması üçün Dövlət Agentliyi maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuşavtomobillər nümayiş olunub.
Qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilmiş, bu məqsədilə Dövlət Agentliyi maşın-mexanizm parkına 40 adda 360 yeni texnika və avadanlıqlar alınmışdır.
Bildirilib ki, müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması , işğaldan azad edilmiş ərazilərimizdə istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.
Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlər tərəfindən istehsal edilən bu texnikalar sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur.
Media nümayəndələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol layihələri barədə ətraflı məlumat verilib.