Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər barəsində tam məlumatın təqdim olunması Cənubi Qafqazda uzunmüddətli sülhün qurulması üçün çox vacibdir.
Bu barədə ABŞ Dövlət Departamentinin "Twitter" səhifəsində yer alan bəyanatında deyilir.
"Azərbaycanın erməni hərbçilərini azad etməsini alqışlayırıq. İtkin düşmüş şəxslər barəsində, o cümlədən 1990-cı illərdə itkin düşənlər haqqında tam hesabatlılığın təqdim olunması regionda möhkəm sülh üçün böyük əhəmiyyət daşıyır", - bəyanatda deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.