Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri tez bir zamanda vətəndaşların təhlükəsizliyini təmin edə və Qazaxıstandakı strateji obyektlərin fəaliyyətinə zəmanət verə bilib. Bu barədə Qazaxıstandakı KTMT sülhməramlı kontingentinin komandanı general-polkovnik Andrey Serdyukov bildirib. O, sülhməramlı kontingentə xitabən qeyd edib ki, qısa müddət ərzində vətəndaşların təhlükəsizliyini təmin edilib, sülhməramlılar vəziyyətin sabitləşməsinə kömək edə biliblər, eyni zamanda, strateji obyektlərin fasiləsiz fəaliyyətini təmin ediblər. A. Serdyukov vurğulayıb ki, Qazaxıstanda sülhməramlı əməliyyat uğurla başa çatıb, kontingentə verilən bütün tapşırıqlar yerinə yetirilib. “Hərbçilərimiz çiyin-çiyinə qardaş qazax xalqını müdafiə edərək cinayətkar və terrorçu qrupların Qazaxıstanın konstitusiya quruluşuna və bütövlüyünə qəsd etmələrinə imkan vermədilər”, - KTMT qüvvələrinin komandanı bildirib. Komandan həmçinin çoxmillətli sülhməramlı kontingentin həyatının və məişətinin təmin edilməsi məsələlərinin həllində göstərdiyi köməyə görə Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərliyinə xüsusi təşəkkür edib.