Ukrayna “Bayraktar”ların istehsalının başladığını elan etdi
Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak ölkədə “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin istehsalının başladığını elan edib. O əlavə edib ki, daha əvvəl bu dronlar üçün mühərriklər Ukraynada istehsal edilirdi.
Ukraynada “Bayraktar” istehsalı üçün zavodun tikintisinin başladığını bir ay əvvəl prezident Vladimir Zelenski elan etmişdi.
“Biz Türkiyə ilə əməkdaşlığı genişləndiririk. Hər şey “Bayraktar”ların təchizatı ilə başlayıb, indi isə artıq onların Ukraynada istehsalı işə salınıb. Deyəndə ki, bunlar türk “Bayraktar”larıdır, bəli, - biz onları Türkiyədən almışıq. Amma qeyd etmək lazımdır ki, bu pilotsuz təyyarələr üçün mühərriklər bizim ölkəmizdə istehsal olunur”, - Yermal jurnalistlərə bildirib.
Prezident Ofisinin rəhbəri habelə Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyi haqqında da danışıb. Bildirib ki, Böyük Britaniya Ukrayna hərbi dəniz donanmasının yenidən qurulmasında iştirak edir. Bu, 1.7 milyard funt sterlinq dəyərində birgə layihədir. Fransa ilə birgə layihənin dəyəri isə 1.3 milyard avrodur. “Ukrayna ilə bu gün həqiqətən strateji tərəfdaş kimi əməkdaşlıq edirlər”, - Yermal deyib.
Xatırladaq ki, Ukraynanın Türkiyədən 48 “Bayraktar” aldığı məlum olmuşdu. İndi isə Kiyev onların istehsalını həyata keçirir. Bütün bunlar Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi və hücuma hazırlaşdığı bir vaxtda baş verir.