Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 3,8% azalaraq 0,1181 manata (1 manat/8,4674 lirə) enib ki, bu da yeni tarixi minimum sayılır.
Lirənin manata qarşı məzənnəsi son bir ayda 30,2%, ilin əvvəlindən isə 48,5% azalıb.
Lirə ilin əvvəlindən dollara qarşı da dəyərinin demək olar ki, yarısını itirib və hazırda Türkiyə Mərkəzi Bankının (TMB) rəsmi məzənnəsinə görə, 1 dollar 14,2000 lirə təşkil edir.
Dekabrın 10-da azalmış ehtiyatlarına baxmayaraq, TMB bazara müdaxilə edərək növbəti dollar satışı üzrə əməliyyatlar həyata keçirmişdi. Son iki həftə ərzində TMB bazara artıq üç dəfə müdaxilə edib və 2 dekabrda həyata keçirilən olan müdaxilə son 7 il ərzində ilk dəfə qeydə olunan rəsmi ehtiyatlarından dollar satışı idi. Nəticə olaraq müdaxilələrin gözəçarpan fərqi hiss olunmadı və dollar 14 lirə səviyyəsi keçdi.
Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.
Xatırladaq ki, artan illik inflyasiyaya baxmayaraq (noyabrda 21,31%), bu il TMB uçot dərəcəsini 19%-dən 15%-ə qədər azaldıb və yumşaq monetar siyasətini davam etdirir. Sözügedən fonda "S&P Global Ratings" reytinq agentliyi Türkiyənin "B+" və "BB-" səviyyələrində olan xarici və yerli valyutada sorğulanmamış uzunmüddətli suveren kredit reytinqləri üzrə proqnozunu "stabil"dən "mənfi"yə endirib. Bundan əlavə, agentlik bildirib ki, yumşaq monetar siyasət və lirənin əhəmiyyətli dərəcədə dəyər itirməsi inflyasiya təzyiqlərini daha da artıracaq və nəticədə istehlak qiymətlərinin illik artımı 2022-ci ilin əvvəlində 25-30% təşkil edə bilər.